Azərbaycan və Rusiya generalları sərhəddə — FOTO

  • 25.03.2020, 16:03,
  • Siyasət
  • Baxılıb: 260
Azərbaycan və Rusiya generalları sərhəddə — FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydada sanitar-karantin və digər rejim tədbirlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Martın 25-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə gedib və Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri yoxlanılıb, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyyəsi tədbirləri nəzərdən keçirilib.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müayinələrə cəlb olunan vətəndaşlarla görüş keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib.

Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.   

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. 

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirilib. Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) - “Yaraq-Qazmalar” (RF) dövlət sərhədinin buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədinin buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.


Şou Biznes