Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.
Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.
İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır.
İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.
Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.
Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir.
İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir.
Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münhen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münhen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münhen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi.
Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir.
Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir.
Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeddi min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.
Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.
Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.
Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.
Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.
Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.
Bir daha əziz xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun!”