“Polis daxilindəki qrup təxribat törətdi” – Millət vəkili

  • 11.06.2020, 11:04,
  • Siyasət
  • Baxılıb: 479
“Polis daxilindəki qrup təxribat törətdi” – Millət vəkili


“İşin arxasında xarici kəşfiyyat var və sabah bunun üstü açılanda hamı mənə “halal olsun” deyəcək”
 
Yasamal insidenti – iyunun 7-8-də xüsusi karantin rejiminin pozulmasından qaynaqlanan və polisin vətəndaşlara qarşı olduqca sərt tədbirlərə əl atmasınadək gedib çıxan hadisənin müzakirəsi gündəmdən düşmür. Böyük Quruluş Partiyasının sədri, Milli Məclis üzvü Fazil Mustafanın polis əməkdaşlarının müdafiəsinə qalxaraq, polisin üzərinə zibil atmağı güllə atmağa bərabər tutması müzakirələri mübahisə, oradan da söyüşmə müstəvisinə daşıdı. Bundan sonra polis zorakılığına məruz qalmış sakinləri müdafiə edənlərlə deputat arasında qarşılıqlı təhqir üst səviyyəyə qalxdı.

 Fazil Mustafanın məsələ ilə bağlı ayna.az-a verdiyi müsahibəni təqdim edirik:



– Fazil bəy, camaatı hər şeydən əvvəl bilirsiniz, nə maraqlandırır? Niyə hökuməti, hakim partiyanı təmsil edən hansısa şəxs deyil, məhz Fazil Mustafa – müxalifət partiyasının sədri hökumətin addımının müdafiəsinə qalxdı? Həm də aşırı şəkildə!
 
– Mən hökuməti yox, dövləti müdafiə edirəm. Karantin rejimində vətəndaşın sağlamlığını qoruyan iki təbəqə var: həkimlər və polislər. Biz polisi hökumət kimi müdafiə eləmirik. Karantin rejiminin qaydalarını qoruyan vacib ünsür kimi müdafiə edirik. Polis Daxili İşlər Nazirliyi olaraq hökumətin bir strukturudur. Lakin bu gün polisin funksiyası mənim vətəndaş olaraq sağlamlığımı qorumaqdan ibarətdir və sağlamlığımı qorumaq üçün də başqa vətəndaşın virusu yoluxdurmasına imkan yaratmamalıdır. Polisi ona görə dəstəkləyirəm ki, kiminsə karantin vaxtı küçəyə çıxaraq məsuliyyətsiz formada xəstəliyi mənə yaymasına imkan vermir. Məsələnin mahiyyəti budur.

– Amma polisi müdafiə etməkdə, sanki tələsdiniz. Çünki sizin açıqlamalarınızdan sonra Daxili İşlər Nazirliyi rəsmi münasibət bildirdi və bir polisin işdən çıxarıldığını bəyan etdi. Ardınca Milli Məclisin birinci vitse-spikeri səviyyəsində polisin nöqsanı etiraf olundu. Bunlardan sonra tələsdiyinizi qəbul edirsiniz?
 
– Qətiyyən. Mən niyə tələsməliyəm ki? Sadəcə, burada hadisələr iki yerə bölünür. Yəni cəmiyyət iki məsələdən hansına önəm verməlidir?! Məlumdur ki, polis birinci dəfədir, zorakılıq eləmir. Sadəcə, kameralarda əks olunmayıb digər hallar. Məgər, polis bu günə qədər adam döyməyib, rüşvət almayıb? Biz polisi təmizə çıxarmırıq ki… Kameralarda da aydın görünür ki, polis qanunsuz hərəkət edib. Hər şey qanunauyğun edilməli idi, lakin edilmədi. Burada təəccüblü bir şey yoxdur ki, insanlar şoka düşsünlər. Hər gün rastlaşdıqları insidentdir. Söhbət Gəncə hadisələrini yaşamış bir cəmiyyətin eyni ssenarinin simptomlarını hansısa bir formada yaşamasından və bu dövlətə qarşı müəyyən addımların atılmasından gedir. Biz bu məsələdə önəmi daha çox polisin üzərinə zibil atılmasına verdik ki, bu, birbaşa dövlətin üzərinə zibil atılmasıdır və sürü psixologiyası ilə də bunu dəstəkləmək, məhz dövlətə qarşı narazılığı polis üzərindən bildirmək deməkdir. Bu isə yanlış bir xətdir. Çünki sabah polis o küçədən çəkilsə, ölkədə epidemiya baş alıb gedəcək. Sabah həkim virusa yoluxsa, xidmət edən olmayacaq və ölkə İtaliyadan pis vəziyyətə düşəcək. Polisin əməlində zorakılıq varsa, bunun əleyhinə şikayət mexanizmi var və bundan istifadə oluna bilər. Amma insanlar kütləvi şəkildə zibilləri binalardan polisin üzərinə atır və onu funksiyasını yerinə yetirməyə imkan vermirsə, təbii ki, qarşısısı alınmalıdır. Bəli, polis zorakılıq tətbiq edib və cəzasını almalıdır. Biz demirik ki, polis ağıllı hərəkət edib! Amma söhbət, guya insan haqlarını qorumaq adıyla xarici ölkələrin əlində alət olmuş adamların yönləndirilməsindən gedir. Hətta, Bəxtiyar Hacıyev bu hadisəni Xocalı faciəsi ilə müqayisə etdi. Məgər, orada ölüm-itim oldu? Gündə yüzlərlə belə zorakılıq halları olur, edənlər də cəzalarını alırlar. Bəs, bunu ermənilərin törətdiyi soyqırıma bərabər tumaq nə deməkdir? Bu, ixtişaşa çağırış deyil?
 
– Özünüz də qeyd etdiniz ki, bu, polisin ilk zorakılığı deyil. Lakin ilk dəfə zorakılıq faktı bu qədər ictimailəşdi. Həm də polislərin özləri tərəfindən. Onların lentə aldıqları kadrları sosial şəbəkələrdə yayıldı. Bəs, polis bununla nə demək istəyirdi?
 
– Polis daxilindəki müəyyən bir qrup, müəyyən dərəcədə ictimai problemlərin yaranmasına xidmət edən şəxslər bilərəkdən, ya bilməyərəkdən bu addımı atdı və qanunsuz davranışla təxribat törətdilər.
 
– Polis daxilində təxribat…?



– Bəli. Vətəndaşın başına qanunsuz halda yumruq vurmaq, qadını təhqir edərək videoya çəkmək, əlbəttə ki, düzgün deyil. Yaxud çəkib bunu yaymaq olarmı? Ola bilsin ki, bu, bir əməliyyatdır və hər əməliyyat çəkilir. Yaxşı, bunu yaymaq nə qədər düzgündür? Digər tərəfdən, vətəndaşı tutub aparıblar. Vətəndaş isə deyir ki, onu döyüblər. Döydüyün adamı dərhal buraxırsan ki, onun döyüldüyü təsdiqini tapsın? Məgər, ssenarinin nəyə doğru getdiyini görmürsünüz? Ona görə də küyə düşərək Azərbaycan dövlətinin təməlinin sarsılmasına xidmət etmək olmaz. İnsan haqları təbii ki, qorunmalıdır. Amma karantin vaxtı onsuz da insan haqlarının pozulması dövrüdür və hamımızın haqqı pozulub. Hamımıza deyiblər ki, evdə oturmaq lazımdır. Kimin haqqı tapdalanmayıb ki? Amma bu, məcburidir. Dövlət bunu öz ağlıyla etməyib. Bunu ABŞ da, Türkiyə də, Çin də edir. Hətta, Çində qapıları qaynaqla bağlayırdılar ki, camaat çölə çıxmasın. Bizdə hələ yumşaq formada deyilir ki, “bunu edin”. Maska ilə bağlı cəza təyin etmişik, amma polis özü maska paylayır, cəzalandırmır. Bəs, belə olan halda insanlar niyə məsuliyyətsiz davranırlar? buna görə də yoluxanların sayı artmaqdadır. Başa düşürəm ki, yoxsulluqdur, insanların gəlirləri aşağı düşüb. Amma indi ümumilli fədakarlıq, dəyanət göstərmək lazımdır. Lakin insanlar bunun əvəzinə bütün bunları təmin edən qüvvələri sındırırlar. Biz sındırılanların yanında yer almalıyıq, yoxsa qaydaları pozanları qorumalıyıq? Mən müxalifət partiyasının rəhbəriyəm, amma bu dövlətin vətəndaşıyam, dövlətimin sarsılmasını istəmirəm. Mənə nə var ki, hökumət hansı qərarı verəcək, ya verməyəcək?! Söhbət bu günlər ərzində ümumi tabeçilikdən gedir. Tabe olmalıyıq ki, bu proses də sürətlə başa çatsın.
 
– Bayaq polisin apardığı və yayımladığı çəkilişlə bağlı dediyiniz fikrə qayıtmaq istəyirəm. Dediniz ki, kimlərsə təxribata əl atıblar. Amma onların heç biri cəzalandırılmadı…
 
– Artıq bir nəfər cəzalandırılıb, işdən çıxarılıb və xidməti araşdırma aprılır.
 
– Həmin şəxs videoçəkiliş aparan deyil, qadını təhqir edəndir. Halbuki, çəkilişlər bir neçə polis əməkdaşı tərəfindən, müxtəlif istiqamətlərdən çəkilib.
 
– Aldığım məlumata görə, onların da bir neçəsi haqqında xidməti araşdırma aparılıb və cəzalandırılıblar.
 
– Gələk Sizin sosial şəbəkələrdəki ifadələrinizə. Biz sizi daim ziyalı, maarifpərvər deputat kimi tanımışıq. Amma ifadələriniz şok effekti yaratdı: Fazil Mustafa vətəndaşlara “it sürüsü deyir”…
 
– O, Bəxtiyar Hacıyevə deyilmiş sözdür. Bu, polisə, həkimə, xalqa, millətə deyilməyib. Kim ki, özünü o “sürü”də görürsə, özünə aid edə bilər. Mən o ifadələri polisə zibil atanları dəstəkləyənlərə demişəm, polis zorakılığına qarşı çıxanlara deməmişəm. Mən deyirəm ki, Azərbaycan polisinə zibil atanları dəstəkləyənlər it sürüsüdür. Başqa nə ad verim onlara – ziyalı?
 
– Söhbət qarşıdakı şəxslərin kimliyindən deyil, deputatın leksikonundan gedir.
 
– Deputat dövləti sarsıdan insanlara nə deməlidir? Mən bunu dövlətin polisinin, dolayı yolla, dövlətin başına zibil atan hər kəsə demişəm və bu gün də deyirəm ki, onlar it sürüsüdür. Çünki onlar vətəndaş ola bilməzlər. Digər tərəfdən, başa düşürəm ki, insanlarda emosiya və gərginlik var. Bəs, dövlətin vətəndaşı necə ola bilər ki, zibil atmağı dəstəkləsin? Kim də dəstəkləyirsə, onlara deyirəm. Mən demişəm ki, “polisə zibil atmaq güllə atmağa bərbarədir”. Yəni bu gün polisə zibil atan sabah güllə də atar. Necə ki, Gəncədə belə oldu. Gəncədə xalqın bəyənmədiyi icra başçısını vurdular, sonra da polisi öldürdülər. Ona görə də cəmiyyət qızışdırıcı rol almamalıdır. Dövlətin avtoritetinin sarsılmasına yol verə bilmərik. Kimsə polisdən razı qalmaya bilər, hətta nifrət də edə bilər. Bunu başa düşürəm. Amma kütləvi şəkildə bunu etmək ixtişaşa təşəbbüsdür. Sabah polis küçədən çəkilsə, elə o binanın içindəki insanlar bir-birilərinə problem yaradacaqlar. Biz neyləməliyik? Gözləyək ki, xaos yaransın, sonra da polisdən xahiş edək ki, qətiyyətli ol? Polis də qətiyyətli olanda başına zibil yağdırırlar. Polis bir neçə dəfə xəbərdarlıq edirsə, artıq məcburdur ki, başqaları bu ərköyünlüyü davam etdirməsin deyə tədbir görsün. Bunu etməsə, sabah hamı küçəyə çıxacaq. O zaman necə olacaq?
 
– Siz həm də hüquqşünassınız. İşlətdiyiniz sözügedən ifadələr sizə qarşı məhkəmə predmeti ola bilməz?
 
– Xeyr, niyə məhkəmə predmeti olsun? Buyurub sübut eləsinlər. Məhkəmə predmeti nə ola bilər? Məhkəmə predmeti konkret kimisə təhqir edəndə ola bilər.
 
– Götürək konkret şəxs olaraq Bəxtiyar Hacıyevi…
 
– Bəxtiyar Hacıyev Azərbaycan dövlətində iğtişaş yaratmaq istəyən adamdır. Xocalı hadisəsini “Yasamal 2020” faciəsi deyərək eyniləşdirir. Bu adam Azərbaycan dövlətinin düşmənidir.
 
– Bizə məsələnin hüquqi tərəfi maraqlıdır.
 
– Hüquqi tərəfdən problem yoxdur. Hüquqi tərəfini sübut edə bilərəm ki, Azərbaycan polisinə qarşı belə bir müqavimət polisə təxribatdır. Ona görə də vətəndaş olaraq polisi qorumaq üçün bu addımı atıram.
 
– Yəni, bu arqumentlə məhkəmədə haqlı çıxa bilərsiniz?
 
– Əlbəttə. İndiyə qədər hansı dini, milli, sosial qaragüruhun qarşısından qaçmışam? Hansı millət vəkili dura bilər bunun qabağında? Səhifələrdə söyürlər, təhqir edirlər, hamsının siyahısını çıxarmışam. Mən onlara qarşı məhkəmə mexanizmi ilə getmirəm, intellektual mübarizə aparıram. Yəni ki, bunu Xocalı soyqrımı ilə bərabərləşdirmək birbaşa xaricdən gələn təlimatdır və məqsəd Azərbaycan cəmiyyətində iğtişaş yaratmaqdır. Buna qarşı indidən addım atmasaq, dövlətin sütunları sarsılacaq. Niyə mən bu məsələnin üzərinə gedirəm? Çünki mən bu təhlükəni görürəm. Kütlənin xoşuna gələcək, ya gəlməyəcək deyə, beş-on nəfər dar düşüncəli adamın anlayışına görə yanaşmıram məsələyə. Biz dövlətin, millətin parçalanamasını istəmirik. Hər dəfə hakimiyyət boşluğunda torpaq itirmişik, bu dəfə də itirə bilərik. Bu dəfə də Ermənistan, Rusiya, İran gözlərini zilləyib üstümüzə. Qəsdən də belə bir iğtişaş yaratmaq böyük problemə səbəb olacaq. Biz Amerika deyilik ki, ayaqda qala bilək.
 
– Dediyim kimi, siz ixtisasca hüquqşünassınız. Eyni zamanda, sırf dövlət marağından çıxış edirsiniz. Bizə maraqlıdır: Hüquq, yoxsa nəyin bahasına olursa olsun, dövlət marağı?
 
– Bu məsələdə dövlətin marağı. Davanı, hökumətə, polisə nifrəti sonraya saxlamaq lazmdır. Mən başa düşürəm ki, vətəndaş işsizdir, acdır, sosail yardım hər kəsə çatmayıb. Biz də bunun üçün savaşırıq və çalışırıq ki, vətəndaş ayaqda qalsın. Amma söhbət ondan gedir ki, karantin hamının hüquqlarını pozub. Amma iki təbəqə var ki, biz onlara güzəştlə yanaşmalıyıq. Üç aydır ki, o polislər evlərindən didərgin düşüblər. Bu insanların əsəbini nəzərə almaq lazım deyil? Buna belə yanaşmaq hansı vicdan meyarına sığa bilər? Bu gün dövlətçilik prizmasından danışmaq lazımdır. Biz 1993-də bunu yaşamışıq. 1993-də biz qətiyyətli addım atmadığımıza görə, dedilər ki, Gəncədə qardaş qanı tökdünüz. Sonra göründü ki, tökülən qardaş qanını manipulyasiya edənlər Qarabağı verdilər. İndi bu təcrübəni yaşamış insan kimi mənə hakimiyyətdə kimin olması önəmli deyil, dövləti çökməyə qoymaq olmaz ki, sabah da Naxçıvan, Gəncə getməsin. Budur problemin kökü. Ona görə də bu dirənişi göstərirəm ki, xalq mənim xalqımdır. Onu təmsil edirəm.
 
– İstənilən halda “it sürüsü” ifadəsi aqressiyaya səbəb oldu. Hətta, gözləyənlər oldu ki, Fazil Mustafa sonradan bu ifadəni əsəbindən işlətdiyini deyə. Düşündünüz bu haqda?
 
– Bunu mənə söyüş söyən Bəxtiyara və onun kimilərə yazdım. Şəxsi yazışmalarda, səhifələrində mənə qarşı kampaniya apardılar. Ətrafımdakı insanlara tapşırdım ki, mənə söyənləri siz də söyün, qorxmayın. Bu qaragüruhu beynimizə buraxa bilmərik. Sadəcə, mənim fikirlərimi konteksdən çıxarıb məqsədyönlü şəkildə ortaya atıblar. Təsəvvür edin ki, xaricdə yaşayanlar hamısı mənim fikrimi paylaşır və söyürlər. Mən demişəm ki, karantin dövründə Azərbaycan polisinə zibil atmaq güllə və bomba atmağa bərabərdir. Ondan sonra mənim bu ifadələrim meydana çıxdı. Onlar kimlərinsə narazılığını kiminsə üzərindən yönəldirlər. Onlar kimdir? Səviyyəsiz, cəmiyyətdə ən az nüfuza malik olan insanlar.
 
– Bu hadisə zamanı xeyli sayda insanı qarşınıza aldınız, kütləvi qəzəb dalğası ilə üz-üzə qaldınız. Biz də baş verənləri izləyirdik. Hətta, bizə oxucular yazırlar ki, “həmin deputatdan soruşun, bundan sonra da seçkilərə getməyi və seçilməyi hədəfləyirmi?”
 
– Xalqın və dövlətin marağını qoruyan insanlar mütləq şəkildə seçkiyə getməlidir. Mən dini mövzuda da, tarxi mövzuda da, siyasi mövzuda da fikirlərimi açıq formada söyləmişəm. O zamanlar dini mövzuda çıxışıma qarşı da böyük bir şəbəkə hücum etmişdi. Bunlar yenə bir az inanclıdırlar. Bu dəfə isə bir siyasi plaforma formalaşıb və bunların inancı yoxdur. Bunlar sadəcə küyə gediblər və epizodik həyəcanla prosesə başlayıblar. Siyasətdə mən kiminsə söyülməsinin tərəfdarı olan adam deyiləm. Ona görə də bu işə heç kimi qoşmuram, tək mübarizə aparıram. Demişəm ki, birinci özüm tutularam, amma üzvlərimi tutdurmaram. Başqaları kimi gedib evdə istiarhət edib, tərəfdarlarımı küçəyə töküb tutduran adam deyiləm. Lidersənsə, özün fədakarlıq etməlisən. Emosional adamlarla dövlət qurulmaz. Heydər Əliyev ona görə hakimiyyətə gələ bildi ki, belə insanlardan uzaqlaşdı. Əbülfəz Elçibəyi də həmin insanlar yıxdı. Elçibəy dedi-qoduyla, hay-küylə gələn insanlara aldandı. Dedi, bəlkə arxamda duracaqlar, amma Sürət Hüseynov başlayan kimi, hamısı qaçdı. Bu insanlara etibar yoxdur. Dövləti 100 min dedi-qoduçu qorumur, dövləti 300 spartalı qoruyur. Siz diqqət edin, bunu mən açıq deyirəm, “Yasamal 2020 = Xocalı 1992” xarici kəşfiyyatın tezisidir, bunu unutmayın. Bunun arxasında ciddi planlaşdırma var, sabah bunun üstü açılanda hamı deyəcək ki, Fazil Mustafaya halal olsun.
 
– Bu, informasiyadır, yoxsa Sizin təhliliniz?
 
– Hər halda kifayət qədər informasiyalı adamam və kifayət qədər də kimin hardan gəldiyini yaxşı bilirəm. Kim bu pozisiyada hansı istqamətdə hərəkət edirsə, siyasi təcrübəmə görə çox yaxşı başa düşürəm. Ona görə də nəyisə irəli sürəndə, hər şeyi açıb demək olmur. Hər halda, ucundan-qulağından nəsə deyirəmsə, bunu ciddiyə almaq lazımdır.
 
– Az öncə tək müdafiə olunmaqdan danışdınız. Maraqlıdır, deputat həmkarlarınız Sizi bu qalmaqalda müdaifə etmədilər.
 
– Mənim müdafiəyə ehtiyacım yoxdur.
 
– O zaman “dövlətin müdafiəsinə qalxmadılar” deyək.
 
– Onların çoxu buna qədərki dövrdə də eyni aktivliyi göstəriblər. Mədəniyyət problemləri ilə bağlı yazmışdım sosial şəbəkədə. 150 mindən çox oxunma oldu. Eyni fəallığı başqalarından tələb etmirəm. Hər kəsin öz yolu var.
 
– Ola bilərmi ki, dalğanı üzərlərinə çəkmək istəməsinlər?
 
– Kimsə çəkmək istəməyə bilər. Bəzən bizim taleyimizdə görünür ki, dalğa götürmək deyilən güc və inam var. Tariximizin də, dinimizin də neqativləri üzərinə gedən adamam və orada da xeyli söyülürəm. Xeyli insanlar var ki, baxışımı sevmir. Bu xalq, məgər, Mirzə Fətəli Axundovu sevirdi, yoxsa Mirzə Cəlili, ya da Mirzə Ələkbər Sabiri?
 
– Yeri gəlmişkən, Axundovla dini baxışlarınız ziddiyətlidir.
 
– Ziddiyət təşkil etsə də, Axundov bizim aydınlanma mənbəyimzidir. Baxış fərqli ola bilər, mən insanın firkini linç etməyə düşmənəm. Fikrə dözümsüz fikir sahibini öldürən camiyyətdir. Axundovu öldürə bimədilər ki, onu çar hökuməti qorudu, polkovnik rütbəsi verdi, saxladı yanında ki, xalqın dəyəridir. Mirzə Cəlilin üstünə Tiflisə qoçular göndərdilər ki, öldürsünlər, çar hökuməti qoymadı. Gördülər ki, Sabir xəstədir, öləcək, ona görə dəymədilər. Amma sonra gördülər ki, bu xalqın aydınları öləndən sonra qırılıb xalqın ümidləri. Biz ona imkan verməməliyik. Bu gün yaxşı-pis dövlətimiz var. Bu gün dövlətimiz zəifləsə, düşünən adam qalmayacaq, axı burda. Biz bunu qorumalıyıq. Ona görə də bu fikirlərdən qorxmağa dəyməz. Əgər, biz ziyalıyıqsa, bütün bunları gözə almalıyıq.
Şou Biznes