ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR…

  • 11.06.2020, 11:10,
  • Siyasət
  • Baxılıb: 580
ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR…


Bu sətirləri yazanda belə, ürəyim sıxılır, gözlərim dolur….. 28 il keçib. Mənim üçün  çox ağırdır bu rəqəmi yazmaq.
Şuşanın işğalına gеdən yоl Mеşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Хоcalıdan… kеçdi. Bütün bunlara baхmayaraq, Şuşanın işğalına hеç kəs inanmırdı, ağlına bеlə gətirmirdi. Ancaq bu hadisə baş vеrdi və Şuşa 1992-il mayın 8-də SSRİ vaxtından Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə еrmənilər tərəfindən işğal еdildi. Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür.
Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, bu quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişdir.
Bəli, ХХ əsrin sonunda Şuşa tariхdə görünməmiş faciəli hadisələrlə üzləşdi, müvəqqəti də olsa işğal оlundu. Övladları yеrindən – yurdundan didərgin düşdü, şəhidlər vеrdi, ancaq əsrlər bоyu оlduğu kimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Onun əhalisi rеspublikanın 59 rayоnunda 700 yaşayış məntəqəsində məskunlaşmışdır.
İndi bir tarixi keçmişə nəzər salaq. Şuşamızı bir daha gözümüzün önündə canladıraq. Çünki Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.
Şuşa Qarabağın incisidir, Azərbaycanın qəlbidir. Yaralı qəlbi…
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
XVIII əsrin ortalarında Səfəvilər dövlətinin ərazisində 20-yə qədər xanlıqlar yarandı. Ərazicə ən böyük xanlıqlardan biri də Qarabağ xanlığı idi. Bu xanlığın əsasını Pənah Əli xan qoymuş və onun mərkəzi şiş uclu dağlar əhatəsində yеrləşən Pənahabad sonralar Qala, Şişə və nəhayət Şuşa adlandırılmışdır. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.
Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında varlı bir ailədə anadan olmuşdur. Pənah xanın əsil – nəsibi Cavanşir elindəndir. Bunların ata-babaları Cavanşir elində məşhur, adlı-sanlı, əsilli – nəcabətli, xeyriyyəçi, mal-dövlət sahibi olmuş adamlar idi. Pənah xanın atasına İbrahimxəlil ağa, babasına isə Pənahəli bəy deyərmişlər. Bunların hər ikisi Sarıcalı – Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, döyüşlərdə, xüsusilə Nadir şahın apardığı müharibələrdə igidlik göstərmişlər.(Qarabağnamələr. 1-ci kitab. “Yazıçı” B., 1989. səh. 110)
Pənah xan gənc yaşlarından Nadir şahın ordusunda xidmət etmiş, onun bir çox hərbi səfərlərində iştirak edərək qəhrəmanlıq göstərmişdi. Nadir şah Pənah xanın igidliyini və istedadını nəzərə alaraq onu ordularından birinə sərkərdə təyin etmişdi.
Nadir şahın ölümündən sonra Pənah xan Qarabağda Cavanşirlər, Otuzikilər və s. Türk tayfalarının köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur.
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir.
Qarabağ ərazisi yaradılarkən onun ərazisi geniş idi. Bir ir çox tədqiqatçıların və tarixçilərin yazdığına görə o zaman xanlığın ərazisi Cənub tərəfdən Xudafərin körpüsündən “Sınıq körpü”yə (Qırmızı körpü) qədər, şərq tərəfdən Kür çayının araz çayı ilə birləşən Cavad kəndinə qədər uzanırdı. Qərb tərəfdən isə hündür Qarabağ dağları ilə əhatə olunub, uzunluğu 275 verst, eni isə 200 verst sahəni əhatə edirdi. Şimal tərəfdən isə Qarabağ Gəncə ətrafına, yəni Goran çayına qədər uzanırdı. Bunlardan əlavə Mil və Muğan düzlərinin bir hissəsi də Qarabağ düzənliklərinə qarışırdı. Zəngəzur, Qapan, Naxçıvan sərhəddi və Ordubadın Əylis kəndinə qədər geniş sahələr Qarabağın inzibati ərazi bölgüsünə aid idi.
Pənah xanın hakimiyyəti illərində onun səyi və qayğısı nəticəsində Pənahabad (Şuşa) şəhəri böyük bir ticarət mərkəzi oldu. Şəhərdə tikinti işləri sürətlə genişlənirdi. Şəhərdə əhalini su ilə təmin etmək üçün bir neçə quyu qazıldı. Şəhərdə bazar meydançası, məscid, hamam, mədrəsə və s. inşa edilmişdi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şuşada olmuş səyyahların verdiyi məlumatlara görə o zaman şəhərdə 2 minə qədər ev və 10 mindən yuxarı adam yaşayırdı. Yeni salınmış şəhərdəki tikinti işləri, xüsusilə meydançalar, evlər və küçələr, Azərbaycanın Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərlərindəkindən seçilirdi. Şuşanın küçələri nisbətən geniş, evlərin damı isə başqa müsəlman şəhərlərinin evləri kimi yastı deyil, bucaq şəklində idi.
Pənah xanın ölümündən sonra onun oğlu İbrahimxəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu.
XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isəxristian (albanmənşəli) ailələri təşkil edirdi.
Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təşkil edirdi. Rusiya ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci il kürəkçay müqaviləsinin imzalanması ilə Rus imperiyasının tərkibinə daxil olan Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsasını qоyuldu. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin (hayların) sayının sürətlə artması Rusiyanın 1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə isə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına (Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və s.) köçürülməsinə başlanıldı. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən illər ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. köçürmə siyasəti nəticəsində azərbaycanlıların (türklərin) sayı 64,8 %-ə еndi, еrmənilərin sayı isə 34,8 %-ə qalхdı. Rus qafqazşünası N.Şavrov yazırdı ki, “XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3milyon erməninin 1 milyonu gəlmədir”.
Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildə isə Şuşa qəzasının mərkəzinə çevrildi.
Çar hökumətinin təşəbbüsü və himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Çar hökuməti ermənilərə böyük kömək göstərirdilər. Lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də “Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər.. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.
1918-20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətanəti, şuşalıların qəhrəmanlığı və cəsarəti sayəsində, böyük itkilər hesabına da olsa şəhər ermənilərə təslim edilmədi. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər.
1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi.
Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi və Şuşa yenidən dirçəldi. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009)
Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.
Şuşa “mağarası” Cıdır düzünün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmış qazıntı işləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılmışdır.
Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi.
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.
Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.
Şuşalıların çoxu bəy və xan nəslindən idi. Buna görə də çox təmkinli olublar. Şuşalıları hövsələdən çıxarmaq bir o qədər də asan məsələ deyildi. Amma bu təmkinin də öz həddi vardı. Bu həddi pozan hər kəs qarşısında qorxmaz, cəsur, ölümün gözünə dik baxan cəngavər görürdü.
Şuşada söyüş və nalayiq ifadələr eşitmək olmazdı. Şuşa bəlkə də dünyada yeganə yer idi ki, burada hətta ən nadinc uşaqlar futbol oynayanda söyüş söymürdülər. Şuşa çox firavan və təhlükəsiz şəhər idi. Respublika və dünya əhəmiyyətli mədəniyyət və tarixi abidələrinin zənginliyinə görə hələ sovet dövründə ona qoruq şəhər statusu verilmişdi.
Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin vətənidir. Xalq arasındayaxşıdemişlər:
 – Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir! Həqiqətən belədir. Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir.
Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmayacaq.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixi şəxsiyyətlərini, ziyalılarını, milli qəhrəmanlarını tanımaq bir vətəndaşlıq borcudur:
Qasım bəy Zakir (1784-1857) – Şair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın banilərindən biri.
• Xurşidbanu Natəvan (1830-1897) – XIX əsrin ən görkəmli Azərbaycan şairəsi.
• Mir Möhsün Nəvvab (1833-1918) – Şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı.
• Nəcəf bəy Vəzirov (1854-1926) – XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi.
• Əbdürrəhimbəy Haqverdiyev (1870-1933) – Dramaturq, nasir, rejissor, alim.
• Yusif Vəzir Çəmənzəminli (1887-1943) – Görkəmli Azərbaycan yazıçısı.
• Firidun bəy Köçərli ( 1863-1920) – Ədəbiyyatşünas və tənqidçi. “Azərbaycan türklərinin ədəbiyyatı” adlı irihəcmli əsərin müəllifi.
• Kərimbəy Mehmandarov (1854-1929) – Həkim.
• Həmidə xanım Cavanşir (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri.
• Validə Xaspolad qızı Tutayuk (1914-1980) – Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü.
• Bədəl bəy Bəşiroğlu Bədəlbəyli (1875-1932) – Azərbaycanın Maarif xadimi
• Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu – Firəng Əhməd) (1869-1939) – İdeoloq, jurnalist, publisist, məşhur “Difahi” təşkilatınınyaradıcısı.
• Əbdülbaqi Bülbülcan Zülalov (1841-1927) – Xanəndə.
• CabbarQaryağdıoğlu (1861-1941) – Xanəndə.
• İslam Əbdül oğlu Abdullayev (Segah İslam) (1876-1964) – Xanəndə.
• Qasım Abdullayev (ZabulQasım) (1873-1927) – Xanəndə.
• SeyidŞuşinski (1889-1965) – Xanəndə.
• Bülbül (Murtuza) Rza oğlu (1897-1961) – SSRİ Xalq artisti, müğənni.
• XanŞuşinski (1901-1979) – Xanəndə.
• Rəşid Behbudov (1915-1989) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, müğənni.
• SadıqƏsədullaoğlu (Sadıqcan) (1846-1902) – Tarzən.
• QurbanPrimov (1880-1965) – Tarzən.
• Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (1885-1948) – Dünya şöhrətli bəstəkar, Şərqin ilk operasının yaradıcısı.
• Fikrət Cəmiloğlu Əmirov (1922-1984) – Bəstəkar
• Niyazi Hacıbəyov (1912-1984) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar, dirijor.
• Mehdi Əsədulla oğlu Məmmədov (1918-1985) – SSRİ Xalq artisti, aktyor, rejissor, pedaqoq.
• Barat Həbibqızı Şəkinskaya (1914-1978) – Azərbaycan Respublikasının xalq artisti
• Lətif Hüseyn oğlu Kərimov (1906-1991) – Rəssam, Azərbaycan müasir xalça sənəti məktəbinin yaradıcısı.
• Fərəcbəy Ağayev (1811-1891) – Çar ordusunun General-leytenantı.
• Səməd bəy Mehmandarov (1856-1931) – General-leytenant, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri.
• Yaqub Allahqulu oğlu Quliyev (1900-1942) – General-mayor, Stalinqrad qəhrəmanı.
• AslanVəzirovFərhadoğlu (1910-1988) – Polkovnik, Sovet İttifaqı Qəhrəmanı.
• Xəlil Məmmədoğlu Məmmədov – Sovet İttifaqı Qəhrəmanı.
• Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu (1911-1986) – Görkəmli rejissor, Azərbaycanın xalq artisti.
• Bədəlbəyli Əfrasiyab Bədəlbəyoğlu (1907-1976) – bəstəkar, dirijor, musiqişünas, librettoçu.
• Bədəlbəyli Fərhad Şəmsi oğlu (1947) – Məşhur pianoçu, Azərbaycanın xalq artisti.
• Ələsgərov Süleyman Əyyub oğlu (1924-2001) – Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti.
• Hacıbəyli Ceyhun Ədülhüseyn oğlu (1890-1862) – ADR-nın görkəmli dövlət xadimi, publisist.
• Hacıbəyov Sultan İsmayıl oğlu (1919-1974) – Bəstəkar, Azərbaycanın xalq artisti, pedaqoq.
• Hüseynov Rafiq – Tanınmış diktor, Azərbaycanın xalq artisti.
• Məhərrəmov İdris Məhəmməd oğlu – Partiya və dövlət xadimi.
• Kərimova Flora Ələkbərqızı – Müğənni, Azərbaycanın xalq artisti.
və başqaları.
MİLLİ QƏHRƏMANLARI
• Hüseynov Sadıq Dayandur oğlu (1961-1992)
• Qəmbərov Ramiz Bulud oğlu (1962-1992)
• Məmmədov Nizami Murad oğlu (1958-1992)
• Teymurov Rizvan Rəhman oğlu (1967-1991)
Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyəcək.
Şah İsmayıl Xətai, Nadir şah, Xan Qacar, Cavad xan, Mehmandarov, Şıxlinski kimi sərkərdələri olan xalqın torpağı işğalda qala bilməz. Çox da uzaqda olmayan gün gələcək, Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə  yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Uşaq səslərinin cingiltisi və Qarabağ muğamının, musiqisinin sədaları ətrafa yayılacaq.
Mən bu yazını yazmaya bilməzdim. Çünki atamın və babalarımın doğulduğu Kəlbəcərin qardaşıdı Şuşa!
Səbinə Hüseynova / 09 iyun 2020. İstanbul
  • Нравится
  • 0
  • Eguzrg
  • 29-11-2022, 02:46
  • : 02:46
levofloxacin 250mg generic order generic levaquin
действия
Şou Biznes