"London Post" ermənilərin təxribatından yazdı
- 30.09.2020, 11:15,
- Dünya
- Baxılıb: 328
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun “London Post” qəzetində “Cənubi Qafqazda yeni müharibənin necə başlanması haqqında qısa məlumat” başlıqlı məqaləsi dərc edilib.
Azertac xəbər verir ki, təmas xəttində baş vermiş son hadisələrə həsr olunmuş məqalədə müəllif Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni olaraq yerləşən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozduğunu və yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinin deyil, həmçinin dinc əhali və mülki infrastrukturların da hədəf alındığını yazır. Bildirilir ki, BMT tərəfindən təsbit olunmuş özünümüdafiə hüquqlarından istifadə edərək Azərbaycan Silahlı Qüvvələri hadisəyə reaksiya verərək özünümüdafiə və əks hücum əməliyyatlarına başlayıb və 1993-cü ildən işğal altında olan Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndini azad edərək strateji Murovdağ zirvəsində nəzarəti ələ alıblar.
Müəllif qeyd edir ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyət, korrupsiya nəticəsində əvvəlki rejim devrilib və xalq ümidlərini yeni hakimiyyətə gələn Nikol Paşinyana bağlayıb. “Lakin 2 ilin sonunda o, ümidləri doğrultmadı və gözlənildiyi kimi böyük islahatçıya çevrilmədi. Əvəzində xalqını 1990-cı illərdən bu yana baş vermiş ən qanlı döyüşlərə sürüklədi”, - deyə yazar qeyd edir.
Fuad Çıraqovun sözlərinə görə, münaqişənin həlli üzrə vasitəçilik missiyasını yerinə yetirən yeganə beynəlxalq qurum olan ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət sülh və danışıqlar prosesinə qarşı qəsdlə edilən pozucu hərəkətlərə lazımi diqqət ayırmayıb: “Onlar nəinki vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün heç nə etməyiblər, həm də 30 il ərzində işğal faktını və bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının tapdalanmasını görməzdən gəliblər. Buna görə də ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması və ermənilərin Azərbaycan əraziləri və dinc əhalisinə qarşı hərbi təcavüzünə görə məsuliyyət daşıyır. Təəssüf ki, son gərginləşmə onu sübut edir ki, XXI əsrdə beynəlxalq ictimaiyyət və institutlar danışıqlar, sülh yaratma prosesi və davamlı və ədalətli sülhə nail olma missiyalarını yerinə yetirə bilmirlər”.