İngiltərə iqtisadiyyatı son 3 əsrin rekord geriləməsini yaşaya bilər

  • 01.07.2020, 11:40,
  • Dünya
  • Baxılıb: 248
İngiltərə iqtisadiyyatı son 3 əsrin rekord geriləməsini yaşaya bilər


İngiltərə iqtisadiyyatında 1979-cu ildən bəri ən böyük çöküş müşahidə olunub, mütəxəssislər iqtisadi geriləmənin daha da böyüyəcəyini proqnozlaşdırır.

“Reuters” xəbər verir ki, bu ilin yanvar-mart aylarında krallığın ÜDM-in 2,2 faiz azalması ilə rekord geriləmə qeydə alınıb. Bu barədə krallığın Milli Statistika İdarəsinin (ONS) son hesabatında məlumat verilib.

Hesablamalara görə, aprel ayında İngiltərə iqtisadiyyatı mart ayına nisbətən 20,4 faiz geriləyib. Bu fonda Baş Nazir Boris Conson iyunun 29-da infrastruktur xərclərinin artırılacağını elan edib. İlkin mərhələdə xəstəxanalar və yol təmiri üçün beş milyard funt (6,13 milyard dollar) ayrılması planlaşdırılıb.

Britaniyalı iqtisadçı Tomas Pyunun sözlərinə görə, geriləmənin səbəblərindən biri məişət xərclərinin azalması olub.

“Əksər müəssisələrin bağlanması o demək idi ki, insanlar istəsələr də pullarını xərcləyə bilmirdilər”,- deyə o, bildirib.

Pyu ölkə iqtisadiyyatının yalnız 2020-ci ilin sonuna yaxın böhrandan əvvəlki səviyyəyə çata biləcəyini söyləyib.

İngiltərə Bankının proqnozlarına görə, bu il ümumi iqtisadi geriləmə 14 faizə çata bilər ki, bu da son üç əsrdə, yəni 1706-dan bu günə qədər ən pis göstərici olaraq tarixə keçəcək.

Ölkədə orta əmək haqqının iki faiz azalacağı, işsizlik səviyyəsinin isə 4 faizdən 9 faizə qalxacağı proqnoz edilir.
Şou Biznes