Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova bu gün rayonun kənd və qəsəbələrini bir-bir gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə - təbliğat işlərini aparıb. İ.Gülməmmədova Mehdiabad, Novxanı, Masazır, Digah, Məmmədli, Saray, Fatmayı və o cümlədən digər qəsəbələrdə sakinlərlə görüşərək onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Kənd və qəsəbə icra nümayəndəlirinin, bələdiyyə üzvlərinin və polis əməkdaşlarının da iştirak etditi təbliğat prosesində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.
Bundan əlavə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həyata keçirilən təbliğat işlərinin səmərəliliyinin daha da artırılması məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə rayon ərazisində genişmiqyaslı maarifləndirmə tədbirləri görülür. Bu təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırılaraq maarifləndirmənin fasiləsiz reallaşdırılmasına nail olunub. Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə üzvləri və könüllülər küçə-küçə, ev-ev gəzərək əhali arasında maarifləndirmə tədbirləri görürlər.
Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib
Abşeron rayonunda koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər genişləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır. Hazırda ölkəmizdə və eləcə də Abşeron rayonunda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin rallaşdırılması diqqət mərkəzindədir. Belə ki, sözügedən pandemiyanın rayonda yayılmasının qarşının alınması, əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə Abşron rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, rayon operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən Xırdalan şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrinin küçə və prospektləri, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır.
Maarifləndirmə işlərinin səmərəliliyini daha da artırmaq məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə sakinlər arasında təbliğat aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərə çatdırılıb. Bununla bərabər Rayon İcra Hakimiyyətinin rəsmi “fecebook” səhifəsində və internet resurslarında “evdə qal, həyatını xilas et!” devizi altında çağırışlar edilib.
Abşeronlu könüllülər tərəfindən isə bukletlər paylanılıb, elanlar yapışdırılaraq təbliğat aparılıb. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin və könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman pereperatları ilə təmin olunması həyata keçirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, evdən çölə çıxmamağa, zərurət yarandıqda evdən çıxdıqda insanlarla birbaşa təməs qurmamağa, kütlənin toplaşdığı yerlərə getməməyə çağırırıq.