Qara Abdullayev
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz parlaq gələcəyinə doğru inamla irəliləyir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən 30 il ərzində Azərbaycan Cənubi Qafqaz regionunun əsas söz sahibi olan lider dövlətinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atıb.
Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyev çox qısa zaman ərzində Azərbaycan cəmiyyətində mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi həqiqi liderə çevrildi. Ötən 18 il ərzində möhtərəm Prezidentimiz Azərbaycanda Heydər Əliyev siyasi kursunun alternativsizliyini sübuta yetirdi və gələcəyə hesablanan güclü dövlət konsepsiyasını ilbəil uğurla həyata keçirdi. Təsadüfi deyil ki, Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu. Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi və nüfuzunun durmadan artması, müstəqilliyimizin daha da möhkəmlənməsi, vətəndaş həmrəyliyinin yüksək səviyyədə formalaşması da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin əsasında məhz milli maraqların qorunması prinsiplərinin durduğunu bir daha isbatlayır.
Məlum olduğu kimi, bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sektoru xüsusi yer tutur və bu sahədə də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. Bu baxımdan xüsusilə son vaxtlar ölkəmizin iştirakı ilə gerçəkləşdirilən qlobal enerji və logistik layihələrin əhəmiyyəti deyilənləri bir daha təsdiq edir.
Birmənalı olaraq qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır. Bu baxımdan möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Lakin bu uğur heç də asan əldə olunmadı.
Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə 17 illik hazırlıq dövrünü keçib. 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində Azərbaycan güclü iqtisadiyyata sahib oldu və bu zəmində güclü ordu yaratdı, müasir silahlar aldı və özünün hərbi-sənaye kompleksini inkişaf etdirdi. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirildi. İlk növbədə, əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası da məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər.
Digər tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha əyani şəkildə göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşdü. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı.
Nəhayət, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Nəticədə torpaqlarımızın 30 il ərzində Ermənistan tərəfindən davam etdirilən işğalına son qoyuldu. Bu dəfə də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş müstəqil xarici siyasət ölkəmizə və xalqımıza bütün işğal dövründə aparılan sülh danışıqları zamanı Azərbaycana edilən təkliflərdən daha çoxunu qazandırdı. Məhz bu siyasət sayəsində Qarabağ münaqişəsi həll olundu, Ermənistan və onun bütün dünyada olan havadarları Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqları qəbul etməyə məcbur oldular.
Bu gün Prezident İlham Əliyevin həyata keçiridiyi uğurlu daxili və xarici siyasət kursu Azərbaycanda bütün sühələri əhatə edən dinamik inkişafı və ictimai-siyasi sabitliyi təmin edib. Bütün strateji istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər sahələrdə təhlükəsizliyin təmin olunması nəticəsində milli maraqların gerçəkləşməsi və inkişaf dinamikasının davamlılığı üçün ölkədə əlverişli şərait yaranıb. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yeri investorların marağı artıb.
Diqqətəlayiq haldır ki, bu gün dünya birliyinin aparıcı ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi dəyərləndirir və yüksək qiymətləndirirlər. Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə də bütün bu məqamlar bir daha diqqət mərkəzinə gətirilərək yüksək dəyərləndirilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə dövlətimizin başçısı İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edilib. Bu, tarixi əhəmiyyət kəsb edən bir hadisədir və Azərbaycanın bu gün bütün dünyada getdikcə daha da artan nüfuzunun daha bir göstəricisidir.
İnamla demək lazımdır ki, bu gün Azərbaycan etibarlı əllərdədir, dayanıqlı inkişaf gündən-günə öz dinamikasını genişləndirir, sosial, iqtisadi, mədəni və kadr islahatları uğurla reallaşdırılır və şübhəsiz, bu bütün uğurların ideya müəllifi və arxitektoru Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir!