Prezident İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq
- 09.12.2020, 11:06,
- Siyasət / Gündəm
- Baxılıb: 811
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq. Mən onu İslam aləminin xilaskarı olmuş Səlahəddin Əyyubi kimi tarixi şəxsiyyətlərlə müqayisə edərdim. Azərbaycan Prezidenti torpaqları işğaldan azad etməklər yanaşı, həm də İslam mədəni irsinin bir hissəsini tamamilə məhv olmaqdan xilas etdi və bütün dünyanın qarşısında onların tezliklə bərpa ediləcəyi bəyanatını səsləndirdi.
Bu fikirləri 102xəbər.az portalının Təsisçisi və Baş redaktoru Hacı Ruslan Həsənov söyləyib. O əlavə edib: “Mən və Dostluq Cəmiyyətinin digər üzvləri Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi böyük Qələbə münasibətilə təbrik etmişik. Biz 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarının azad edilməsinə sevinirik. Azərbaycanın dostu kimi, hər tədbirdə, hər forumda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticə verməməsindən narahatlığımızı ifadə edirdik. Bu münaqişənin nizama salınmasına ən böyük maneə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz olaraq azad edilməsi haqqında qətnaməsinə məhəl qoymayan Ermənistan rəhbərliyi idi. Lakin son illər hərbi təxribatları daha da artıran, üstəlik qızışdırıcı bəyanatlarla çıxış edən Ermənistanın baş naziri vəziyyəti müharibə həddinə gətirib çıxardı. Bilirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həlli üçün bütün səyləri göstərib. Amma səbrin də bir həddi var. Qısa müddət ərzində torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusunun rəşadətinə heyran qaldım. Bu, tarixə qızıl hərflərlə yazılacaq bir Zəfərdir. Bir daha Azərbaycan xalqını və onun lideri İlham Əliyevi təbrik edirəm. Misirlilər dost və qardaş azərbaycanlıların Qələbə sevincini bölüşürlər.
Azərbaycan ərazisində olan İslam mədəni irs abidələrinin, məbədlərin ermənilər tərəfindən təhqir olunması videokadrları Misir ziyalılarını da məyus edib. “Misirlilər də azərbaycanlılar kimi tolerant xalqdır. Biz Misirdə İslam abidələri, məscidlərlə yanaşı, yəhudi sinaqoqları, xristian kilsələri, xüsusən qədim qibti xristianların məbədlərini qoruyur, onları bərpa edirik. Azərbaycan da öz məscidlərini, həmçinin sinaqoq və kilsələri dövlət səviyyəsində qoruyur. Lakin ermənilərin məscidləri təhqir etməsi heç bir insanlıq meyarına sığmır. Mən Səlahəddin Əyyubini niyə misal çəkdim? Çünki bu tarixi şəxsiyyət də məscidləri dağıdan səlib yürüşü iştirakçılarına qarşı döyüşüb və onlara qalib gəlib. O da humanistlik nümayiş etdirərək xristian abidələrinə, kilsələrə toxunmayıb, onların mühafizə edib”, -deyə Hacı Ruslan Həsənov vurğulayıb.