Dövlət başçısı: "Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib"

  • 15.10.2020, 10:08,
  • Siyasət
  • Baxılıb: 288
Dövlət başçısı: "Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib"


"Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir.

Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq".

Azərbaycan Prezidenti jurnalistin "Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?" - sualına belə cavab verib:

"Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır.

Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir".
Şou Biznes