Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibə ayrıca olaraq istər video, istərsə də yazılı şəkildə “Askanews” agentliyinin internet səhifəsində yerləşdirilib. Həmin müsahibə İtaliyanın “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və digər çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
Hikmət Hacıyev “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda vacib rola malik ola bilər”, - deyə bildirib. Atəşkəslə bağlı beynəlxalq çağırışların çoxaldığı və beynəlxalq ictimaiyyətin Moskvada Azərbaycan və Ermənistan arasında keçirilən ilk görüşün qısa zamanda atəşkəsə nail olunacağına ümid edildiyi ərəfədə Prezidentin köməkçisi Şuşada kilsənin və mülki əhalinin bombalanması ittihamlarını rədd edib. O, müsahibəsində toqquşmaların dayandırılması üçün Azərbaycanın şərtlərini bir daha diqqətə çatdırıb.
Münaqişənin həlli üçün Ermənistandan öz işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və qoşunların çıxarılması ilə bağlı cədvəlin təqdim edilməsini gözlədiklərini qeyd edən Hikmət Hacıyev münaqişədə məsuliyyəti Ermənistanın daşıdığını bildirib. Şuşada kilsənin bombalanması ilə bağlı ittihamlara gəldikdə, Prezidentin köməkçisi bunun bir erməni təbliğatı olduğunu deyib.
“Azərbaycan xristian icması olan multikultural ölkədir və biz öz xristian irsimizlə fəxr edirik. Azərbaycan ordusu dini binaları, kilsələri və digər dini təsisatları hədəfə almır”, - deyə o vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, baş verənlərlə bağlı Ermənistan çoxlu ziddiyyətli məlumatlar təqdim edib. Hər şeydən öncə onlar deyirlər ki, bu, raket hücumudur. Kiləsinin tavanı dağılıb. Lakin kilsənin daxilindəki ikonalara zərər dəyməyib. Əgər bu raket zərbəsi olsaydı kilsənin daxilinə də zərər yetirərdi. Nəticədə, Ermənistan baş verənlərdən Azərbaycana qarşı təbliğat kimi istifadə edərək bütün dünya xristianlarını qəzəbləndirməyə səy göstərir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğal edilmiş ərazilərdə bütün kilsələr və dini binalar bərpa ediləcək. Biz münaqişədə dinin istifadə edilməsinə qarşıyıq və baş verənlərlə bağlı bir daha bütün dünya xristianlarına təəssüfümüzü ifadə edir, lakin bunun nə Azərbaycan xalqının, nə də Azərbaycan dövlətinin günahı olmadığını bildiririk.
Prezidentin köməkçisi münaqişənin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin, Rusiya və Türkiyənin, eləcə də xüsusi olaraq Cənubi Tirol modeli tətbiq edilmiş İtaliyanın roluna toxunub. O deyib ki, Türkiyə və Rusiya hər ikisi bizim qonşularımızdır və hər ikisi vəziyyətin gərginləşməsinə görə narahatdır. Bu ölkələri Avrasiya qitəsində vacib aktorlar hesab edirik. Onlar münaqişənin tam və qlobal həllinə töhfə vermək iqtidarındadırlar ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması və Ermənistanın işğalına avtomatik son qoyulması anlamına gəlir.
Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşürlər:
“Beynəlxalq ictimaiyyət ən qısa zamanda atəşkəsin elan edilməsinə və 30 ilə yaxındır Qafqaz regionunu qeyri-sabit vəziyyətə salan münaqişə üzrə sülh prosesinin başlanmasına ümid edir. İnanırıq ki, İtaliya Minsk qrupunun üzvü kimi çox vacib rola malik ola bilər. Minsk qrupunun ilk sədri italiyalı Mario Raffaelli olub. O, çox yaxşı institusional yaddaş saxlayıb. Onunla gələcək format barədə müzakirələr etmişik.
Bizim üçün İtaliya modeli, Cənub Tirol çoxmədəniyyətli və linqvistik modeli ən yaxşı modeldir. Düşünürük ki, bu model Ermənistan və Azərbaycan münaqişəsinə də tətbiq edilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilər və azərbaycanlılar sülh şəraitində Azərbaycan sərhədləri çərçivəsində muxtariyyət altında birgə yaşaya bilərlər. İtaliya, eyni zamanda, Avropa İttifaqının məsuliyyətli üzvüdür və Azərbaycanın strateji tərəfdaşıdır. Gözləntimiz İtaliyanın daha vacib rolu həyata keçirməyə davam etməsidir”, - deyə Prezidentin köməkçisi fikirlərini yekunlaşdırıb.