Ali Baş Komandan İlham Əliyevdən Fransaya cavab

  • 05.10.2020, 10:41,
  • Siyasət
  • Baxılıb: 310
Ali Baş Komandan İlham Əliyevdən Fransaya cavab


"Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur".
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalının Rusiya və Fransa Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı ittihamlarından danışıb. 

Dövlət başçısı bu iddiaları tamamailə rədd etdiyini deyib. "O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam.

Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır.

Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi".

İ.Əliyev Azərbaycanı ittiham edənlərdən üzrxahlıq tələb edib. "Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?

Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".
Şou Biznes