Dövlət-vətəndaş həmrəyliyinə töhfə
Son illər ölkəmizdə bütün sahələr üzrə aparılan uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Heç təsadüfi deyildir ki, 2020-ci il ölkədə islahatlar ili elan edilmişdir. Bununla bağlı atılan ardıcıl və qətiyyətli addımlar, gənc kadrların mühüm dövlət işlərinə cəlb edilməsi dövrün tələbləri ilə uzlaşan müasir idarəetmə siyasətinin bərqərar olması göz oxşayır. Bütün dünyanı bürüyən COVİD-19 pandemiyası ilə mübarizədə cənab Prezidentin xalqı ilə həmrəy olması ölkə vətəndaşları tərəfindən xüsusi rəğbətlə qarşılanır. Pandemiya dövründə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox dövlətlər üçün nümunə ola bilər. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir. Bu görülən tədbirlər bir daha dövlət-xalq birliyini, xalqın öz rəhbəri ilə həmrəy olduğunu sübut edir.
Ölkəmizdə aparılan islahatların, görülən işlərin miqyası geniş və çoxşaxəlidir. Bu islahatlar, həyata keçirilən tədbirlər cəmiyyətin mənafeyinə zidd olan neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır. Son dövrdə əsas istiqamət "kölgə iqtisadiyyatı"nın səviyyəsinin minimuma endirilməsi, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Məhz bu yanaşmanın nəticəsidir ki, 2020-ci ilin I rübünü iqtisadi nailiyyətlərlə başa vurmuşuq. Qeyri–neft sektorundan daxilolmalar 21.3 faiz artaraq 1.4 milyard manatı üstələmişdir. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin I rübü əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Koronovirus infeksiyasının sahibkarlıq subyeklərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş Tədbirlər Planı zərər çəkmiş sahələrdə iş yerlərinin sayınının azalmasının qarşısını almaq, mövcud iş yerlərini qorumaq və işsiz vətəndaşların məşğulluğunu təmin etməkdən ibarətdir. Nəticədə iş yerləri nəinki qorundu, “Əmək müqaviləsi bildirişi” altsisteminin 01 may 2020-ci il tarixli məlumatına əsasən əmək müqavilələrinin sayında 105 minə yaxın artım oldu.
Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əməkhaqqı gəliri qorunub saxlanılmışdır. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər üçün ödənişli ictimai iş yerləri açılmışdır. Cənab Prezident İlham Əliyev öz çıxışında həssas təbəqənin qorunmasının indiki şəraitdə ən vacib məsələ olduğunu, aztəminatlı ailələrə öz imkanı dairəsində kömək edən biznes dairələrinə də öz təşəkkürünü bildirmişdir.
Cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətləri ölkədə əhalinin sağlamlığının qorunması, məşğulluğun, sosial rifahın dəstəklənməsi və iqtisadiyyatın stimullaşdırılmasıdır. Pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1,5 milyard manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Qeyri-şəffaf fəaliyyət göstərən qurumlarda çalışan vətəndaşlar ilk növbədə anlamaldırlar ki, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçini sosial təminat hüquqlarından məhrum edir. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən ölkə başçısı bu çətin dövrdə də “kölgə iqtisadiyyatı” qurbanlarının- əmək müqaviləsi olmadan çalışan vətəndaşların köməyinə çatdı. Belə ki, 600 min vətəndaşa 2 ay müddətində yaşayış minimumu həcmində 190 manat birdəfəlik müavinət verildi, minlərlə ailəyə ərzaq yardımları çatdırıldı. Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə ( 50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Son dövrdə dövlət başçısının qeyri-formal məşğulluq sahəsinə göstərdiyi xüsusi diqqət və kompleks tədbirlər ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə, eyni zamanda əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin bir göstəricisidir. Bütün sadalanan fəaliyyətin memarı kimi ölkə Prezidentinin gələcək inkişafla bağlı yürütdüyü məqsədyönlü siyasət ölkəmizin qarşılaşa biləcək maneələrdən üzüağ çıxması baxımından güvən formalaşdırır. Pandemiya şəraitində hökumət səviyyəsində qəbul edilmiş mühüm qərarlar, əvvəlcədən yaradılan infrastrukturlardan təyinatı üzrə istifadə, eləcə də yeni istehsal və tibbi müəssisələrin inşası həyata keçirilən siyasətin zaman baxımından doğruluğunu və vacibliyini bir daha göz önünə gətirir.
Dövlətin apardığı vahid siyasətə zidd olaraq qeyri-formal fəaliyyət göstərən, “kölgə”də qalıb "kölgə iqtisadiyyatı" siyasətini yeridən, qeyri-rəsmi məşğulluqdan və dövlət tənzimlənməsi olmadan xidmətlərin göstərilməsindən istifadə edən sahibkarlar isə pandemiya dövründə dövlətin verdiyi dəstəkdən bir çox hallarda yararlana bilmədilər. Ölkə başçısının dəfələrlə qeyri-formal məşğulluqla bağlı əyri yola getməmək, öz fəaliyyətini kölgədən çıxarmaq müraciətinə məhəl qoymayan sahibkarlar pandemiya dövründə böyük zərərə məruz qaldılar. Cənab Prezidentin də qeyd etdiyi kimi ümid edirik ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olacaqdır. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Məhz ölkə başçısının müraciətindən sonra qısa müddət ərzində əmək müqavilələrinin sayı 10 minlərlə artdı.
Belə çətin və məsuliyyətli vaxtda xalqı üçün göstərdiyi böyük xidmətlərə görə Azərbaycan vətəndaşları cənab Prezidentə dərin minnətdarlığını bildirirlər. Xalqımız gələcəklə bağlı ən böyük hədəflərinin gerçəkləşməsinin yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır, bunun üçün daim dövlət başçısının ərtafında yumruq olub birləşməyə hazırıq.
MƏTANƏT SÜLEYMANZADƏ
Xeyriyyəçi iş adamı