ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

  • 24.07.2020, 10:21,
  • Siyasət
  • Baxılıb: 400
ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir müavini, ermənilərin sərhəddə törədikləri təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb.

X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.

Nazir müavini, ermənilərin daha bir təxribat və hücum əməlinin Los Anceles şəhərində baş verdiyini, erməni radikal qruplarının Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.
X.Xələfov qeyd edib ki, ABŞ-da Azərbaycan Baş Konsulluğu qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.

Nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir. Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb.

X.Xələfov, Səfirlik və Baş Konsulluğumuzun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycadakı səfiri Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.

Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Sonda Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.
Şou Biznes