Siyasi həyasızlıq taktikası

  • 16.07.2020, 13:51,
  • Siyasət
  • Baxılıb: 339



İyul ayının 12-də Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində dövlət sərhədi Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruzqalmışdır. Ermənistan rəhbərliyi səbəb kimi, guya Azərbaycan ordusunun iki hərbiçisinin UAZ markalı maşınla sərhədi pozması və ermənilərin hərbi obyektlərinə təhlükə yaratması göstərilmişdir. Vallah bu sərsəm ideyanı fikirləşənlərin ciddi psixoloji problemləri vardır.

Birincisi, hərb elmində adi maşınla döyüş taktikasının seçilməsi forması hələ ki, fitnəkar erməni hərbiçilərindən (əgər terroristlərə hərbiçi demək mümkünsə) heç kəsə məlum deyildir. Ikincisi, ərazisinin iyirmi faizi işğal altında olan bir ölkə əsas diqqətini torpaqlarının işğaldan azad edilməsinə yönəldər, nəinki ikinci cəbhənin aşılmasında maraqlı olar. Dövlət sərhədində yeni cəhbəni ancaq N.Paşinyan kimi siyasi diletant və provakator edə bilər. Prezident İ.Əliyev Cənabları iyulun 15-də, 2020-ci ilin yarımillik iqtisadi yekunlarına həsr olunmuş videomüşavirədə qeyd etdi kimi, “belə sərsəm fikirlər ancaq xəstə siyasətçinin ağılına gələ bilər”.

Ermənistanın baş naziri ona qarşı olan müxalifəti zəiflətmək və parçalamaq, qurmaq istədiyi diktatura rejimini başa çatdırmaq, daxili narazılıqları səngitmək, Qarabağ klanı ilə olan qarşıdurmaları provakasiya yolu ilə başqa məcraya yönəltmək, onun hakimiyyətə gəlməsi üçün “məxməri inqilabı” maliyyələşdirən C.Soros və digərlərinə verdiyi sözü tutmaq, qərbdən aldığı tapşırıqlara uyğun olaraq Rusiya ilə Türkiyə arasında münaqişəni alovlandırmaq və başqa xəyanətkar ideyaları həyata keçirmək istəyir. Ona görə də məhz erməni silahlı qüvvələri Tovuz rayonunu seçib.

Lakin Ermənistan rəhbərliyi burada da fiaskoya uğradı. Azərbaycan tərəfi şəhidlər versə də, bir çox məsələlərdə ilklərə imza atdı. Əvvəla, ordumuz tərəfindən ermənilərin uzun illər ərzində dilənməklə yaratdıqları və “alınmaz qala” hesab etdikləri hərbi obyektləri bir neçə saat ərzində darmadağın edildi. Ikincisi, ermənilərdən fərqli olaraq milli ordumuz sübut etdi ki, onun general və zabitləri əsgərlərlə birlikdə vuruşur və vətən üçün hər an canlarından keçməyə hazırdırlar. Generalımız P.Həşimov və zabitlərimiz ordumuzun milli ruhunun çox yüksək olduğunu bir daha sübut etdi və gənclərimizə bir ənənə qoyub, torpaq üçün şəhid oldular. Allah bütün şəhidlik zirvəsinə çatan övladlarımıza rəhmət eləsin, bütün yaralılarımıza acil şəfalar versin.

Siyasi cəhətdən Azərbaycanı dəstəkləyən qardaş dövlətlərin kəskin mövqelərini ortaya qoyması Ermənistanı və onları dəstəkləyənləri çətin duruma saldı. Azərbaycanın dünyada siyasi nüfuzunun və çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi prosesi artan temlə gedir. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması,

Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi bütün ermənipərəst dairələri və dövlətimizə siyasi qısqanclıqla yanaşan xarici qüvvələri ciddi narahat edir.

Bütün dünyanın COVİD-19-a qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin BMT Baş katibinin Pandemiya ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi fikri, siyasi riyakarlıqdan başqa bir şey deyildir. Ermənistanın baş naziri yenə də öz riyakar xislətinə uyğun hərəkət edir və hər dəfədə yeni siyasi məğlubiyyətə düçar olur.

Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıqlar doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Ş.Stepanyanın səs yazısı da sübut rdir ki, vəziyyət həddən artıq acınacaqlıdır.

Əgər N.Paşinyan fikirləşirsə ki, bu qəbildən olan hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edəcək, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçıra biləcək, ciddi siyasi səhvə yol verir. Ermənistan istisna olmaqla Azərbaycanın bütün KTMT-. üzv ölkələrlə dostluq münasibətləri vardır. Eyni zamanda, Möhtərəm Prezidentimizin həmin ölkələrin başçıları ilə olan səmimi və dostluq münasibətləri imkan verməyəcək ki, KTMT ölkələri Ermənistanın məkrli niyyəti həyat keçsin. Biz Ali Baş komandanımıza inanırıq və onun sitasətini tam dəstəkləyirik.

Xocalı rayonunun Nərimanov rayonu üzrə səlahiyyətli nümayəndəsi Əliyeva Mehriban

Şou Biznes