Gərginliyin şok səbəbi: Ordumuz Ermənistanın qaz kəmərini vura bilər

  • 13.07.2020, 12:25,
  • Siyasət
  • Baxılıb: 212
Gərginliyin şok səbəbi: Ordumuz Ermənistanın qaz kəmərini vura bilər


Düşünürəm ki, Tovuzda baş verənlər daha çox hərbi məsələ ilə bağlıdır. Bildiyim qədər cəbhənin Tovuz-Qazax istiqamətində Azərbaycan ordusu ən yüksək mövqelərə sahibdir. O cümlədən, Azərbaycan ordusu Gürcüstandan Ermənistana keçən qaz kəmərini vurmaq imkanlarına malikdir. Ermənilər daima bizi hədələyirdi ki, müharibə başlasa Azərbaycanın kəmərlərini vuracaqlar. İndi bunun cavabı var. Sözsüz ki, bu, erməniləri narahat edir. Yəni çətin vəziyyətə düşüblər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmanı şərh edərkən deyib.

Onun fikrincə, dünən baş verən qarşıdurmanı daha çox hərbçilər şərh edə bilər: “Belə iddialar səsləndirilir ki, ermənilərin bu yolla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını fəallaşdırmq niyyətləri var və sair. Ola da bilsin, ermənilər bu addımla öz xalqına nümayiş etdirməyə çalışırlar ki, baxın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etmədi. Bunun üçün belə avantüraya gedə bilərlər. Axı, Ermənistanın hazırkı hakimiyyəti Qərbə yaxındır, əhali isə ruspərəstdir. Bu ehtimal da istisna deyil”.

Deputat əlavə edib ki, Tovuz cəbhəsində baş verənlərin Emənistan daxili siyasətinə hansısa formada təsirləri olacaq, amma bunun üçün bir qədər gözləmək, məlumatlarla tanış olmaq lazımdır: “Məsələn, Ermənistanda elə avantürist dairələr var ki, onlar hesab edirlər mövcud vəziyyəti saxlayıb gözləmək lazımdır, Azərbaycan nə vaxt geri düşdü, bu an istəyimizi həyata keçirərik. Başqa düşüncə budur ki, artıq bizdə güc qalmayıb, gözləməklə zəifləyirik, elə müharibə olduğu halda uğurlar əldə edilə bilər. Yəni sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır.

Onlar hesab edirlər ki, müharibə başlasa, uğur əldə edə bilərlər. Amma uduzsalar, bəzi ərazilərdən çıxmalı olsalar belə müharibəni dayandıra, sülhməramlı qüvvələri prosesə cəlb edə bilərlər. Yəni Ermənistanda belə avantürist düşüncələr var. Əlbəttə, biz helə fikirləri yoxlamalıyıq”.

Bir qədər səbr edib daha geniş informasiya ilə tanış olmağı vacib sayan Rasim Musabəyov bildirib ki, Azərbaycan ordusu qüdrətlidir və onun qarşısında Ermənistan ordusunun duruş gətirməsi ağlabatan deyil.
Şou Biznes