“Erməni tərəfi 5 rayonu boşaltmağın qarşılığında şərt irəli sürür...” - TƏHLİL

“Erməni tərəfi 5 rayonu boşaltmağın qarşılığında şərt irəli sürür...” - TƏHLİL


Azərbaycan dövləti öz ərazilərini heç zaman güzəştə getməyəcəyi barədə prinsipial mövqeyini növbəti dəfə rəsmi şəkildə nümayiş etdirdi. Söhbət Mərkəzi Seçki Komissiyasının (MSK) Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciətindən gedir.

Üstəlik, MSK-nın öz müraciətini Dağlıq Qarabağdakı qondarma “prezident seçkisi” ərəfəsində yayması təkcə Qarabağ ermənilərinə, yaxud Ermənistana deyil, işğalı və separatçılığı gizli-açıq himayə edənlərə də ciddi mesaj sayıla bilər. Yəni Azərbaycan bütün beynəlxalq aləmə xəbərdarlıq edir ki, işğal zonasında “seçki” adı altında keçirilən şouya hansısa formada qatqısı olanlar Bakıdan sərt reaksiya görəcək.

Azərbaycan həm də sülhməramlı mövqe nümayiş etdirərək, Qarabağdakı erməni əhalini 9 fevral parlament seçkilərində iştiraka çağırıb. Bununla da onlara növbəti dəfə sağlam mövqe nümayiş etdirmək, fəlakətlərdən xilas olmağın yolunu göstərib. Qurumun bununla bağlı yaydığı bəyanatında bildirilir ki, Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır: “Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev isə bugünlərdə Ermənistan XİN-in sərsəm iddialarına cavab verib: “Heç bir əsası olmayan ”Artsax xalqı" anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir. Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan prezidenti cənab İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var"".

İcma rəhbəri onu da bildirib ki, Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik. T.Gəncəliyev bir müddət öncə onu da demişdi ki, 2020-ci ildə ATƏT-in Minsk Qrupu ölkələrinin hamısına səfər etməyi planlaşdırır.

Azərbaycan dövlətinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına xüsusi önəm verməsi, yeni rəhbərlik dönəmndə icmanın ölkə xaricində təmaslara xüsusi diqqət ayırması Ermənistanda da narahatlıq yaratmaqdadır. Rəsmi Bakı prinsipial olaraq bəyan edib ki, Dağlıq Qarabağ erməniləri ancaq Azərbaycan icması ilə danışıq apara bilər. Bu, isə İrəvanın iddialarının iflası deməkdir. Erməni ekspertlərin son açıqlamaları da İrəvandakı narahatlıqların təzahürüdür.

“Ermənistan hakimiyyətinin və onların tərəfdarlarının ritorikasında Qarabağın azərbaycanlı icmasını qanuniləşdirmək istəyi çoxdan sezilir”.

Bunu “Adekvad” Partiyasının həmtəsisçisi Artur Danielyan deyib. O qeyd edib ki, baş nazir Nikol Paşinyan, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın mirasının mahiyyətini açıqlayaraq, işğal altındakı Qarabağın “prezidentliyinə” gələcək namizədlərini Cenevrədə məhz bu miras müzakirə edilərkən ondan imtina etməyə çağırıb. “Belə çıxır ki, masadakı Madrid prinsipləri deyil, başqa bir şeydir. Paşinyan deyəndə ki, Qarabağ danışıqların tərəfinə çevrilsin, məhz Azərbaycan icması nəzərdə tutulurdu. Güman edilir ki, münaqişənin həlli ”torpaqların təslim edilməsi" kimi görünməyəcək, ancaq həmin ərazilərdə əvvəllər oradan qaçmaq məcburiyyətində qalmış insanlar məskunlaşacaqlar, sülhməramlılar isə onların təhlükəsizliyini təmin edəcəklər. Beləliklə, baş nazir Azərbaycana və beynəlxalq ictimaiyyətə istədiklərini verəcək. Bundan əlavə, hər şey ediləcək ki, Qarabağdakı cəmiyyət daima nəyə görəsə didişsin və bu “nəyə görənin” əhəmiyyəti yoxdur. Əsas odur ki, bütün dövlət adından danışa biləcək bir lider olmamalıdır", - deyə Danielyan qeyd edib.

Erməni ekspert əlavə edib ki, “Qarabağda daxili siyasi mübarizə bu gün Paşinyana loyal olanların qarşıdurmasına yaxınlaşır, hansılar ki, orada gözlənilən proseslərə görə öz seçicilərinə gec-tez izahat verməli olacaqlarını anlamalıdırlar”.

Bu arada “Alternativ Layihələr Qrupu” ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan vaxtın Azərbaycana işlədiyinə əmin olduğunu bildirib. Ovannisyanın sözlərinə görə, tendensiyaları, o cümlədən Ermənistanda baş verənləri nəzərə alanda Azərbaycan islahatlar üzərində işləyir, köklü dəyişikliklər var. Ermənistan parlamentinin keçmiş üzvü Ruben Hakobyan Davos və Düşənbədə əldə olunan şifahi razılaşmalarda Ermənistanın çox ciddi itki verdiyini bildirib. “Azərbaycan öz xalqına qarşı daha dürüstdür, bütün görüşlərdən sonra danışıqlar aparıldığı və onların nə barədə olduğu haqda məlumat verir”, - deyə Ruben Hakobyan qeyd edib.

“Bu gün Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması işğalçı Ermənistanın qarşısına zəruri bir tələb kimi qoyulub. Amma Ermənistan tərəfi heç 5 rayonun Azərbaycana qaytarılmasına hazır deyil. Buna baxmayaraq, 7 rayonun azad olunması məsələsi Ermənistanın qarşısına ciddi tələb kimi qoyulub”.

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibəsində belə deyib. O bildirib ki, Ermənistan hakimiyyəti cəmiyyətdən qorxduğundan Qarabağla bağlı məlumatların ictimai rəyə sızmasını istəmir. Politoloq beynəlxalq güclərin Azərbaycanı da nələrəsə vadar etmək istədiklərini, amma rəsmi Bakının bu tələblərə razılıq vermədiyini deyib: “Çünki söhbət ölkəmizin ərazi bütövlüyündən gedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təklif olunur. Azərbaycan Ermənistana bundan artıq güzəşt edə bilməz, etməyəcək. Bu baxımdan münaqişə qızışmasın, danışıqlar prosesi pozulmasın deyə, məxfilik prinsipinin tətbiqi qərara alınıb. Mediaya aparılan danışıqlara bağlı məhdud məlumatlar verilir. Əlbəttə, xarici işlər nazirlərinin Cenevrədə baş tutan sonuncu görüşündə konkret məsələlər ətrafında müzakirə aparıldı. O da qeyd edilir ki, ilk dəfədir görüşdə konkret mövzuya dair danışıqlar aparılıb. Zənnimcə, danışıqların məxfilik prinsipi əsasında aparılması bir taktikadır. Bu taktikaya etiraz etmək də olmaz, eyni zamanda bunun ziyan gətirəcəyini də düşünmürəm”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a dedi ki, işğalçı ölkə Dağlıq Qarabağ ətrafındakı rayonları qaytaracağını heç də inkar etmir. Siyasi təhlilçi bu mənada N.Paşinyanın son açıqlamasını xatırlatdı.

Qeyd edək ki, həmin açıqlamada Paşinyan sələflərinin bəzi ərazilərin qaytarılması planını müzakirə etdiyini bildirib. E.Şahinoğlu da N.Paşinyanın bununla erməni cəmiyyətinə mesaj verdiyi qənaətindədir: “Bu, erməni ictimaiyyətinə mesajdır ki, əslində masa üzərində mərhələli həll planıdır. Amma buna rəğmən, görürük ki, danışıqlarda irəliləyiş yoxdur. Yəni erməni tərəfi 5 rayonu boşaltmağın qarşılığında şərt irəli sürür. Onların iddiasına görə, Dağlıq Qarabağda referendum keçirilməlidir, bu da Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloqun sözlərinə görə, ətraf rayonların qaytarılacağı ilə bağlı vaxtaşırı şayiələrin yayılması əslində bizim xeyrimizə deyil: “Bu kimi şayiələr daha çox diqqəti əsas məsələlərdən yayındırmaq məqsədi daşıyır”.
Şou Biznes