ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi — FOTO

  • 27.05.2020, 12:23,
  • Siyasət
  • Baxılıb: 205
ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi — FOTO


ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
 Azərbaycanın Vaşinqtondakı səfirliyindən “Report”un xüsusi müxbirinə verilən məlumata görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.

Mer Bouzer Bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazıb. 

O qeyd edib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan onu qoruyub və möhkəmləndirib, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar Bəyannamə mer ofisi tərəfindən birbaşa Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.


Şou Biznes