9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 mübarizə apardı.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib.
Tam tərkibdə yenilənməsi gözlənilən Milli Məclisdəki bir çox pensiya yaşını haqlamış deputatların sabiqlər sırasına qoşulacağı gözlənilsə də, cəmi 43 nəfər yeni sima xalqı parlamentdə təmsil edəcək.
Deputatların hazırkı maaşı və pensiya təminatını araşdırıb.
Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.
Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.
Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.
Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2460 manat edir.
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.
Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində 6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .
Adının çəkilməsini istəməyən deputat V çağırış Milli Məclisin bəzi üzvlərinin bir müddət əvvəl daha çox tətilpulu və gələcəkdə daha çox pensiya almaq üçün əlavə vəsaitlərin rəsmi maaşa daxil edilməsini təklif etsələr də, məsələyə baxılmadığını deyib.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.
1995-ci ildən indiyədək təxminən 121 eks-deputat pensiya almaq hüququna malikdir.
"Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə, əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:
- Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).
- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Milli Məclisin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə "Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir:
"Çünki onlara deputatıq dövründə verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 24-1 maddəsinə görə, vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı aşağıdakı kimi müəyyən edilir:
- Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Pensiya yaşına çatmış deputatın iş stajının hesablanması zamanı səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir. (modern.az)