Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən, onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır.
İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmayıb və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.
Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.