Xəbər verdiyimiz kimi dünən Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir şəxsdə koronavirus aşkarlanıb. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib. Bu gün isə Gürcüstan Azərbaycanla sərhədləri qismən bağlayıb. Bu hadisə özü ilə bir çox problemləri gətirdi. Bizim ölkədən keçən şəxsin koronavirus daşıyıcısı olduğu Azərbaycan sərhəddindəki yoxlamada nə üçün bilinməyib? Həmin şəxsin bir çox Azərbaycan vətəndaşı ilə ünsiyyətdə olduğunu nəzərə alaraq hazırda bir çox adamın məlum xəstəliyə yoluxma ehtimalı olduğu ortaya çıxıb. Mövzu ilə bağlı müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə danışdıq.
Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bu regionda koronavirusun tapılması qətiyyən təəccüblü deyil: “Bizi inandırmağa çalışırlar ki, koronavirus yoxdur ancaq, bu belə deyil. Əslində sizə deyim ki, koronavirus hər il mövcuddur. Sadəcə bu il daha aqressiv forması ortaya çıxıb. Hazırda ümumdünya səhiyyə təşkilatı bu işlə məşğuldur”.
Səhiyyə eksperti dedi ki, Azərbaycanda koronavirusun aşkarlansa belə bu normal haldır:
“Mən Azərbaycanda koronavirusun olmasını da təəccüblü qarşılamıram çünki, Çinlə Azərbaycan arasında çox geniş ticarət əlaqələri var. Bu virus bütün dünyaya yayılıb, artıq 50-dən çox ölkədə koronavirus var. Azərbaycanda koronavirusu gizlətməyə, manevr etməyə ehtiyac yoxdur. Sadəcə lazımı tədbirləri görmək lazımdır”.
Azərbaycandan keçərək Gürcüstana gedən şəxsdə koronavirusun olmasının Gürcüstanda ortaya çıxması barədə də danışan Adil Qeybulla ölkəmizdə karantin məsələlərinə ciddi yanaşanın vacib olduğunu bildirib:
“Əgər virus həqiqətən yoxdursa, lap yaxşı, ancaq karantin tədbirləri görmək lazım idi. Bundan sonra heç olmasa tədbirlər görülməlidir. Sərhəddə yoxlamalar aparmaq lazımdır. Bəlkə də yoxlamalar aparılır ancaq ictimaiyyətə bu barədə məlumatlar verilmir. Ona görə də şaiyələr və yanlış informasiyalar da baş alıb gedir”.