Fransa mətbuatında, Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsi ilə bağlı geniş məqalə dərc olunub.
“Lagazetteaz.fr” onlayn qəzetində dərc olunan məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlar və region üçün təhlükələri, Azərbaycanın haqlı mövqeyi barədə məlumat verilib.
Məqalədə qeyd olunub ki, Azərbaycan 30 ilə yaxın bir müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq qanunlar çərçivəsində həllinə nail olmağa çalışsa da Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları nəticəsində bu mümkün olmadı.
Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi tamamilə haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən bir mövqe idi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrində də Azərbaycanın ərazi bütövlüyü tam dəstəklənir və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu.
Lakin Ermənistan tərəfinin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi, danışıqlarda imitasiya xatirinə iştirak etməsi, Azərbaycanın sülh təklifinə cavab olaraq zaman-zaman təxribatlara əl atması münaqişənin sülh yolu ilə həlli imkanlarını tükəndirirdi, regionda vəziyyəti daim gərgin saxlayırdı və müharibə variantını reallığa çevirirdi.
Məqalədə həmçinin Vətən müharibəsi zamanı ermənilərin Gəncə, Bərdə və digər şəhərlərdə mülki əhaliyə qarşı törətdiyi terror hadisələrindən bəhs olunub.
Məqalə ilə daha ətraflı
burada tanış ola bilərsiniz.