Qarabağdakı döyüş əməliyyatları zamanı Azərbaycan hərbi cəhətdən Ermənistandan daha güclü olduğunu nümayiş etdirdi.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bu barədə Media.Az-a müsahibəsində deyib.
“İşğal altındakı bölgələrin tədricən azad edilməsi Ermənistan rəhbərliyini həddindən artıq gərgin vəziyyətdə saxlayır. Müharibə meydanında məğlubiyyətlə barışa bilməyən, humanitar atəşkəs formasında möhlətdən istifadə edən Ermənistan Gəncədəki mülki hədəflərə zərbələr endirərək intiqam almağa çalışır və bununla da KTMT mexanizmini işə salmaq üçün Azərbaycanı öz ərazilərinə cavab zərbələri endirməyə sövq etmək istəyir.
Bu cür hücumlar ATƏT-in Minsk Qrupuna, o cümlədən Rusiyaya qarşı açıq şəkildə hörmətsizlikdir. Əldə olunan razılaşmaları pozan Ermənistan daha da genişmiqyaslı hərbi əməliyyatlara səbəb olur. Paşinyan münaqişənin sülh yolu ilə həll olunacağını elan edir, eyni zamanda yalan danışır və güzəştə getməyə hazır olmadığını deyir”, - deyə Qrevtsova bildirib.
Politoloq hesab edir ki, Ermənistanın Baş nazirinin iqtisadi blokadanın qaldırılması və sərhədlərin demilitarizasiyası müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması və azərbaycanlıların öz torpaqlarına qayıdıb orada yaşamağa başladıqda Dağlıq Qarabağın statusu ilə bağlı qərar verilməsi ilə əlaqədar “Kazan formulu” adlandırılan sənədi imzalaması üçün kifayət qədər vaxtı var idi.
“Azərbaycan dəfələrlə xəbərdar etdi ki, Ermənistan söz xatirinə danışıqları davam etdirərsə, status-kvonu qoruyarsa, BMT-nin Qarabağla bağlı qətnamələrinə əhəmiyyət verməzsə, o zaman Azərbaycan torpaqlarını hərbi yolla geri qaytara bilər. İndi məhz bu baş verir”, - deyə rusiyalı mütəxəssis qeyd edib.