Koronavirusun yeni növünün yayılması dünya ölkələrində təşviş və həyacana səbəb olub.
Eyni zamanda maraqlı yanaşma tərzləri də müşahidə olunur. Məsələn, virusdan ölənlərin sayı ilə bağlı açıqlanan rəsmi rəqəmlərə görə, İran və İtaliya arasında ciddi fərq olmasa da, İran ətrafında daha geniş ajiotaj yaradılır. Bu da koronavirusla bağlı informasiyaların həm də məqsədli şəkildə istifadə olunduğu haqda iddiaların yaranmasına şərait yaradır.
Maraqlı məqamlardan biri də Fransada koronavirusa tutulanların hamısının sağalması ilə bağlıdır. Ölkənin səhiyyə naziri Olivye Veran bu barədə açıqlama verib: “Fransada artıq virusa yoluxma halları yoxdur. Virus daha yayılmır”.
Xəbərdə Lion şəhərində xəstəxanaya yerləşdirilən son xəstənin də sağalıb evinə qayıtdığı bildirilib.
Bu kimi xəbərlər də müəyyən iddialara səbəb olur. Necə olur ki, Fransada virusa tutlanlardan heç biri həyatını itirmir, Asiya ölkələrində, eləcə də Avropanın digər ölkəsi olan İtaliyada ölüm halları artır. Bu suallar belə bir iddia yaradır ki, dünyanın inkişaf etmiş ölkələrində virusun dərmanı tapılıb, amma bu digər ölkələrdən gizlədilir. Qeyd edək ki, digər bir sıra geniş yayılmış xəstəliklərlə bağlı da bu cür fikirlər mövcuddur. Məsələn, İsraildə xərçəng xəstəliyinin dərmanın mövcud olduğu, amma bunun digər ölkələrdən gizlədildiyi ilə bağlı iddialar var. Məhz bu səbəbdən də ölkədə xərçəng xəstəliyinin demək olar ki, mövcud olmadığı bildirilir. Hətta iddialara görə, həmin vasitələrin digər ölkələrə daşınması ciddi şəkildə qadağan edilib.
Koronavirusun “Covid-19” növünün dərmanı da tapılıb və dünyadan gizlədilirmi?
Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda dünyada yaşanan ajiotajın nəticəsində belə bir təsəvvür yaranıb ki, koronavirusa tutulanların hamısı həyatını itirir:
“Çində, İranda, İtaliyada koronavirusa tutulanların hamısı ölmür. Onların böyük əksəriyyəti sağalır. O şəxslər ölür ki, onlar yaşlıdırlar və ya başqa xəstəlikləri var. Koronavirusa tutulma həmin xəstəliyi oyadır. Xəstə orqan koronavirusun yaratdığı problemlərə cavab verə bilmir və nəticədə xəstə ölür. Koronavirus deyil, adi virus da bəzi ürək xəstələrinin ağciyərində pnevmaniya yaradarsa, onlar öləcək”.
Bununla yanaşı, Rasif Bağırov deyir ki, Fransada, eləcə də Almaniya xəstəxanalarında, müalicə işi daha effektli formada həyata keçirilir:
“Bu ölkələrdə müalicə işi yüksək səviyyədə aparıldığına görə, ağır vəziyyətə düşən xroniki xəstələrə də yardım göstərmək asan olur. Digər ölkələrdə ölüm sayının çox olmasının başqa bir səbəbi isə xəstə sayının çox olması ilə əlaqədardır. Çoxsaylı xəstələrin birdən-birə xəstəxanaya üz tutması nəticəsində onların müalicəsi ilə məşğul olmaq çətinlik yaradır və kimlərsə yüksək səviyyəli müalicələrdən kənarda qalır. Xəstə sayı az olduğu halda onlara yüksək səviyyəli yardım göstərərək, istənilən nəticəni əldə etmək olar”.
Terapevt eləcə də İsraildə xərçəngin dərmanının olduğu haqda iddialarla razılaşmır:
“Əgər İsraildə belə bir dərman olsaydı, onlar bunu üzə çıxarardılar ki, onun satışından milyonlar qazansınlar. Hepatit S-nin dərmanı ilk dəfə İsraildə tapılıb, həmin dərmanın bir ədədini 100 dollara satırdılar. Bir xəstə isə həmin dərmandan 3 qutu qəbul etməlidir. Qutuların içərisində isə 28 ədəd dərman olur. Buna görə də xəstəliyin müalicə xərci 70-80 min manata gəlib çatırdı. Təbii ki, həmin ölkə də bundan kifayət qədər pul qazanırdı. Xərşəngin dərmanı da İsraildə olsaydı, bu yolu tutardılar”.