2020-ci il Avstraliyadakı meşə yanğınları ilə başladı və fərqli dəhşətlərlə var gücü ilə davam edir. Bir müddət əvvəl sosial şəbəkələrdə maraqlı video yayılıb. Belə ki, “Zenlocc” adlı İnstagram hesabının 21 aprel 2015-ci ildə paylaşdığı videoda 2020-ci il olduğu kimi təsvir edilib. Milyonlarla insanın izlədiyi video 1 dəqiqədən qısadır. Video Azadlıq heykəlinin ağzı maskalı görüntüləri ilə başlayır. Daha sonra maskalı həkimlər və “Nəfəs ala bilmirəm” yazılı kadrlarla davam edir. Video sürətlə yayıldığı üçün hesabın sahibi məcburən açıqlama verib. Bildirib ki, sözügedən animasiyanın orijinal versiyası “High Def” tərəfindən “2014 in One Minute” adı ilə yayımlanıb: “Mən sadəcə həmin videodan müəyyən hissələr götürərək, dünyanın vəziyyətini əks etdirmişdim. Həmin illərdə də dünyanın gündəmi Ebola və oxşar etirazlar idi. Yəni mən zamanda səyahət etmirəm və ya gələcəyi görə bilmirəm. Oyanın insanlar. Tarix təkrarlanır!”