Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.
Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.
Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı.
Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.
Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdü.
Daha sonra “Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.