Xızır-zində piri, yaxud “Beşbarmaq” dağı əfsanəsi

Elə haqqında söhbət açdığımız pirlər, ocaqlar da bu yerlərin həm də ötənindən-dünənindən soraq verir.

Müsəlman Şərqinin ən müqəddəs ziyarətgahlarından biri də Xızır-zində piridir.

Abbasqulu ağa Bakıxanov tariximizin əvəzsiz qaynaqlarından olan məşhur “Gülüstani-İrəm” kitabında yazır ki, “Quranda adıçəkilən Məcməül-bəhreyn, yəni iki dəniz qovşağı, Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) də ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində ola bilər və həmin Xızır-zində xalq tərəfindən “Xıdır-zində” şəklində tələffüz olunur”.

A.Bakıxanov öz fikrini şərh edərkən başqa müəlliflərin də bu barədəki elmi mülahizələrinə əsaslandığını qeyd edir.

“Xızır-zində” adının tərkibindəki “zində” sözü “sağ”, “diri” anlamındadır ki, bu da qədim Şərq folklorunda tez-tez adıçəkilən “abi-zəmzəm” - “dirilik suyu” içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi mənbələrdə Siyəzən bölgəsinin ərazisində, Xəzər dənizinin sahilində “Beşbarmaq” adlı beş çılpaq zirvədən ibarət olan dağa xalq arasında “Xızır-zində baba” və yaxud “Xıdırzində dağı” da deyilir. “Beşbarmaq” sözü ilə bağlı mənbələrdə də müxtəlif fikirlər, rəvayətlər dolaşır.

Araşdırıcılardan Rəmzi Yüzbaşov qeyd edir ki, Beşbarmağın tərkibindəki “barmaq” ifadəsi “şiş təpə” anlamındadır. Başqa bir fikrə görə isə “Beş barmağı” “baş barmaq” adlandırırlar.

Xalq etimologiyasında “baş barmaq” böyük qardaş mənasındadır. Abşeron yarımadasının qərb hissəsində, Bakı-Şamaxı yolunun cənubunda yerləşən Üçtəpə dağı “üç qardaş”, Beşbarmağın qarşısında, dənizdə yerləşən qaya isə dördüncü qardaşdır. Tarixi mənbələrdə adıçəkilən “Musa qayası” da odur.

Böyük Azərbaycan səyyahı Əbdülrəşid əl-Bakuvi yazır ki, Quranın “Əl-Kəhv”” (Mağara) surəsində söhbət açılan Musa və Xızır peyğəmbərlərə aid hekayət bu yerlərdə baş verib.

Musanın xidmətində olan Yuşə ibn Nusun yeməyə götürüb sonra yaddan çıxartdığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılıb dirilmişdi...

Xəzər dənizinə aid Kataloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375-ci il) “Beşbarmaq” – Barmaq, dövrünün tanınmış alimi, XVI əsrdə Almaniyada olan xırda feodal dövlətlərindən birinin – Qolştiniya hersoqunun sarayında çalışan Adam Olearinin xəritəsində isə “Barmax” kimi göstərilir.

Görkəmli tarixçi H.Abdullayev yazır ki, XVIII əsrin ikinci yarısında Azərbaycandakı xanlıqlar içərisində mühüm yer tutan Quba xanlığının tərkibinə 8 mahal daxil idi. Bu mahallardan biri də Bərmək adlanırdı. Mahalın indiki ərazisi Xızı ilə Siyəzən bölgələrinin qovuşuğundakı uca dağların qoynundadır.

Arxiv sənədlərindən məlum olur ki, 600-dan çox evi əhatə edən 24 kənd olub. Mahalın niyə məhz Bərmək adlandırılması maraqlıdır. Nizamülmülkün, A.Bakıxanovun, Z.Bünyadovun, Bartoldun əsərlərində Bərməklər haqqında müəyyən məlumatlar var. Bu müəlliflərə görə, Bərmək orta əsrlər Azərbaycanında nüfuz və adları ilə seçilən məşhur vəzir ailəsinin soyadıdır. Bu soyaddan olan sonuncu vəzir Cəfər Bərməki xəlifə Harun ər-Rəşid tərəfindən öldürülmüş, onun sağ qalan ailə üzvləri uzaq Bağdaddan qaçıb canlarını qurtararaq bu yerlərdə məskunlaşmışlar. Bəlkə də, illər keçdikcə “bərmək” dəyişərək “barmaq” olub.

El yaddaşında isə indiyəcən belə söz gəzir ki, guya Beşbarmaq dağı bir vaxt üç qardaşın pənah yeri, məskəni, yurd-yuvası olub. Qardaşlar bir-birinə can deyib can eşidər, arxa, dayaq olarmışlar.

Böyük qardaşın sözü, tapşırığı özündən balacalar üçün qanun imiş. Onun adı Xıdır-Zində, ortancıl qardaşın adı Xıdır-İlyas, sonbeşiyin adı isə Xıdır-Nəbi imiş. Günlərin bir günü böyük qardaş kiçik qardaşı yanına çağırır. Ona bir xəlbir uzadıb qayıdır ki, susuzluqdan dilim-dodağım quruyub. Tez ol, mənə bir su!

Xıdır Nəbi xəlbirlə su ardınca Xəzərə tərəf cumur. Xəlbiri suya salır, nə qədər əlləşirsə, su götürə bilmir. Böyük qardaş da gözləyə-gözləyə qalır. Kiçik qardaşından bir səs-soraq çıxmadığını görüb bu dəfə su götürmək üçün Xıdır İlyası yollayır.

Ortancıl qardaşın da gəlib çıxmadığını görüb təşvişə düşür. Sonbeşiklə ortancıl qardaş böyük qardaşlarının tapşırığını yerinə yetirə bilmədiklərini görüb Allaha yalvarıb-yaxarır, daşa dönmələri üçün dualar oxuyurlar.

Belə rəvayət olunur ki, Xızır-zində baba dağı ilə üzbəüz olan Xəzərdəki sal qayalar daşa dönmüş qardaşlardır.

Azərbaycan ensiklopediyasının II cildində oxuyuruq: ““Beşbarmaq” təqribən IV-VII əsrlərə aid müdafiə səddi. Barmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalır. Dağın ətəyində iri çiy kərpicdən tikilmiş sədd bir-birindən iki yüz metr aralı iki divardan ibarət idi. Alban tarixçisi Movses Kalakantlı Beşbarmaq səddinin Sasani padşahı Yezdəgirdi dövründə (437-57) çəkildiyini göstərib. Beşbarmaq köçərilərin hücumunun qarşısını almaq üçün inşa edilmişdi...”

Xızır-zində baba dağı müqəddəs ziyarətgah olmaqla yanaşı, ulu, şanlı tariximizin qiymətli yadigarlarındandır. Həm də müqəddəsdir...

Seyid Tahir Qarabaği 
İmamzadə ziyarətgahının mütəvəllisi 

  • Нравится
  • 0
  • Ywxveb
  • 28-11-2022, 03:45
  • : 03:45
levofloxacin 500mg usa levaquin over the counter
действия
Şou Biznes