Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı iyunun 16-sı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.
“Qafqazinfo”nun “riadagestan.ru”ya istinadən verdiyi xəbərə görə, Baş Nazirin müavini Ramazan Cəfərov vəziyyəti şərh edərək 600-ə yaxın Azərbaycan vətəndaşının Dərbənddəki sərhədi keçmək üçün gözlədiyini açıqlayıb. Cəfərov bildirib ki, onların geri qaytarılması karantin rejiminə görə mərhələlərlə həyata keçirilir.
“Azərbaycanlı həmkarlarımız dərhal hamını qəbul edə bilmirlər, buna görə də Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə razılaşdırılaraq hər həftə 100-130 nəfərin sərhədi keçməsi qəbul edilib. Bu gün də proses baş tutmalı idi, amma dünən Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində olan vətəndaşlar hazırlanan siyahıdan narazılıqlarını bildirdilər. Daha sonra iğtişaşlar başladı, nəticədə polis qüvvələri vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməli oldu. İndi vəziyyət sabitdir. Bu gün Azərbaycandan Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə hazırkı vəziyyəti müzakirə etmək və gələcəkdə belə halların təkrarlanmaması üçün təklifləri nəzərdən keçirmək üçün nümayəndə heyəti gəldi”, - deyə R. Cəfərov vurğulayıb.
Bundan əlavə bildirilib ki, əvvəllər tərtib edilmiş siyahıya yenidən baxılacaq. Həmin qruplar sərhədi keçməzdən öncə Azərbaycan nümayəndələri Dağıstana gələcək və siyahının tərtibində iştirak edəcəklər.
Ramazan Cəfərov insident nəticəsində 5 Azərbaycan vətəndaşının xəsarət aldığını, onların xəstəxanaya aparıldığını və tibbi yardım aldıqlarını bildirib.
Qeyd edək ki, ötən gün 155 vətəndaşın sərhəddən buraxılması təmin edilib. Bu siyahıya ilk növbədə uşaqları olan qadınlar, yaşlı vətəndaşlar, xəstə insanlar, eləcə də uzun müddət çadır şəhərciyində olanlar daxil edilib.