“İkinci dalğa bizdə indi başlayır” – Yaqub Məmmədov

“İkinci dalğa bizdə indi başlayır” – Yaqub Məmmədov


“Yeni Sabah” Milli Məclisin keçmiş sədri, bir zamanlar Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovun Reyting.az-a müsahibəsini təqdim edir:

– Yaqub müəllim, dünya koronavirusla mübarizəyə davam edir. Mövcud durumu necə qiymətləndirirsiniz?

– Bir tərəfdən baxırsan ki, virusla bağlı ümumi say çoxaldılır, digər tərəfdən də görürsən ki, say azaldılır. Sanki bu, idarə edilən prosesdir. Hər halda buna daha çox bənzəyir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də gündə bir bəyanat verir, çıxış edir. Görünən odur ki, bu məsələ hələ uzanacaq.

O vaxt deyirdilər ki, may ayının ortasında ikinci dalğa başlayacaq, indi də deyirlər ki, ikinci dalğa iyunda başlayıb. Bir sözlə, koronavirusla əlaqədar dünyada bir qarmaqarışıqlıq hökm sürür.

– Sizcə, bu, sadəcə xəstəlikdir, yoxsa bununla paralel geosiyasi oyunlar da aparılır?

– Sözsüz ki, xəstəliyin həm də siyasi, iqtisadi tərəfləri var. Son 3-4 ayda gedən proseslər göstərdi ki, burada geosiyasi məsələ də mövcuddur. Yəni böyük güclərin siyasi, iqtisadi məqsədləri var və bu, aydın görünür.

Belarus Prezidenti Aleksandr Lukaşenko da bəzi məsələləri açıb danışır. Aydın görünür ki, bu, böyük oyun, masştablı prosesdir.

– Konkret nəyi nəzərdə tutursunuz?

– Yeni dünya düzənin formalaşmasını. Məncə, payızda çox şeylər aydın olacaq.

– Sizcə, pandemiya dünya siyasətinə necə təsir edə bilər?

– Yüz faiz təsiri olacaq. Söhbət böyük təsirlərdən gedir. Təsadüfən demirlər ki, pandemiya dünyanı dəyişəcək. Hər şey dəyişir. Hətta insanların psixologiyası da.

Neçə aydır ki, dünya əhalisi evində oturub bayıra çıxmır. Əvvəlki münasibətlər sistemi tamamilə dəyişəcək. Bunlar aydın görünür.

Elə dövlətlərin də münasibətləri dəyişir. Bir-birilə gərgin münasibətdə olan dövlətlər indi bir-birinə yardım təklif edirlər.

– Pandemiya siyasi maraqlar çərçivəsində müharibəyə gətirib çıxara bilərmi?

– Pandemiyanın özü elə müharibədir də. İndi əldə olunan silahlarla müharibə aparmaq çox risklidir. Ona görə, virusu salıblar ortaya və müharibə bu şəkildə aparılır. Sözsüz ki, söhbət böyük güclər və maraqlar arasında toqquşmadan gedir. Məncə, bunlar tədricən görünür.

– Azərbaycanda koronavirusla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Bizdə yoluxmanın əvvəli yaxşı getdi, yoluxanların sayı çox az idi. Ciddi tədbirlər də həyata keçirildi. Son vaxtlar isə yoluxma sayında kəskin artım müşahidə edilir. Dinamika gərgindir və vəziyyət ürəkaçan deyil. Hətta bəzi yoldaşlar bəyan edirlər ki, ikinci dalğa bizdə indi başlayır. Hesab edirəm ki, müəyyən dövrdən sonra səngimə müşahidə olunacaq. Amma indi artan xətt üzrə davam edir.

Xəstələrin sayı çoxdur. Dövlət səviyyəsində, səhiyyə strukturu xətti ilə müəyyən tədbirlər də həyata keçirilir. Zənnimcə, iki həftə ərzində hər şey məlum olacaq. Yəni xəstəliyin artma, yoxsa azalma tempi üzrə gedəcəyi bəlli olacaq.

– Siz həkim kimi əhaliyə nəyi tövsiyə edirsiniz?

– Əvvəla, mən dövlətin koronavirusa qarşı apardığı mübarizəsini müdafiə edirəm. Hesab edirəm ki, tətbiq olunan karantin rejiminə əməl etmək vacibdir. Onu hər bir halda pozmaq lazım deyil. Nəzərə almalıdırlar ki, karantinin tətbiqi elə-belə məsələ deyil.

Xəstəliklə bağlı ciddi mübarizə aparılır. Odur ki, tətbiq olunan tədbirlərə əməl etmək lazımdır. Amma çox təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çoxu buna əməl etmirlər.

Həm də düşünürəm ki, bizdə böyük ticarət mərkəzlərini, kafeləri çox tez açdılar. Camaat ticarət mərkəzlərinə gedir, üstəlik sosial məsafə saxlamırlar, qoruyucu maskalardan istifadə etmirlər. Bu isə qapalı yerdə yoluxma sayını kəskin artıra bilər.

– Sizə elə gəlmirmi ki, bizim əhali ilkin dövrdə belə bir xəstəliyin olmasına şübhə ilə yanaşdı?

– Əslində bu inamsızlıq dünyanın hər bir yerində var. Amma çox nahaq. Açıq şəkildə görünür ki, bu xəstəlik ciddi məsələdir və onunla mübarizə də ciddi aparılmalıdır. Hamı deyilənə əməl etməlidir.

İşin pis tərəfi odur ki, bu xəstəliyin müalicəsi, vaksini yoxdur. Dünya tibb elmi bunu etiraf edir. Həmçinin buna qarşı simptomatik müalicə də yoxdur. Əgər müalicə yoxdursa, deməli, tətbiq edilən rejimə əməl olunmalıdır. Mən insanlarımıza karantin rejiminə əməl etməyi, mümkün qədər sosial izolyasiyaya qapanmağı tövsiyə edirəm. Bayıra çıxdıqda isə qoruyucu maskalardan istifadə vacibdir. Əgər xəstəlik varsa və müalicəsi yoxdursa, deməli, hər bir insan həm də özünün həkimi olmalı və mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdır.
Şou Biznes