Çin Xalq Respublikasının Myenyan şəhəri sumqayıtlıların təhlükəsiz həyatını təmin etmək üçün COVİD-19 ilə mübarizədə istifadə olunan çoxlu sayda tibbi ləvazimatı Sumqayıt şəhərinə göndərərək humanitar yardım etmişdir. Myenyan şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib. Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq. Humanitar yarımın qəbulu zamanı vurğulanıb ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır. Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə Mienyen sakinləri və şəhər rəhbərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdı.
Sumqayıtda koronavirus təhlükəsinə qarşı aparılan dezinfeksiya işləri davam etdirilir
Sumqayıt şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Hərgün mütəmadi olaraq küçə və prospektlər dezinfeksiyaedici məhlullarla yuyulur, əhalinin daha çox istifadə etdiyi məkanlar – banklar, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyat vasitələri dezinfeksiya edilir.
Sumqayıt şəhərində ahıl şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı edilib
Son zamanlar bəşəriyyəti ciddi narahat edən yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, təxirəsalınmaz tədbirlər həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir. Sumqayıt şəhərində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım paylanılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən çox ərzaq bağlamaları paylanılması nəzərdə tutulub. Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub. Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.