Azərbaycanda bu günə qədər 443 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan 32-si sağalıb, beşi isə ölüb. 406 xəstənin müalicəsi davam edir.
Media.az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.
Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.
- COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?
- Heç bir fikrim yoxdur. Karantin elan edilməmişdən əvvəl, bir çox obyekt hələ bağlanmamış mən aktiv həyat tərzi keçirirdim: gəzir, bazara və dükanlara gedirdim. Düşünürəm ki, koronavirusa yoluxmuş şəxsin təmasda olduğu səthə toxunduqdan sonra əllərimi gözlərimə və ya ağzıma vurmuşam, axı buna nəzarət etmək çətindir.
- Virusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?
- Martın 26-da özümü pis hiss etdim. Nəfəs almaq mənim üçün çətin idi, boğulma tutmaları oldu, temperaturum bir az yüksəldi. Həmin gün İtaliyada və İspaniyada insanların koronavirusdan kütləvi şəkildə öldüyü barədə çoxlu xəbərlər oxudum və təlaşa düşdüm. Koronavirusa yoluxduğum barədə fikirlər məni rahat buraxmırdı. Nə qədər həyəcan keçirirdimsə, bir o qədər də halım pisləşirdi.
- Təcili yardım çağırdınız?
- Mediada yazırdılar ki, nəfəs almada çətinləşmə və yüksək qızdırma olarsa, təcili tibbi yardıma müraciət etməliyik. Anladım ki, həqiqətən də, məndə koronavirus varsa, digər insanları da yoluxa bilərəm. Əvvəldən səhhətim barədə məlumat verməklə həkim çağırdıq.
- Koronavirus testindən keçdiniz?
- Bəli, həkimlər boğazımdan yaxma götürdülər, otaqdan çıxmağı və digər ailə üzvləri ilə təmasda olmağı qadağan etdilər. Yaşadığım evin həyətində yaşamaq üçün hər cür şəraiti olan otaq var. Mən analizin nəticəsi bilinənə qədər bir müddət özünütəcrid məqsədi ilə ora köçdüm. Bu müddət ərzində temperaturum gah yüksəlirdi, gah da sabitləşirdi. Özümü çox pis hiss etdiyimi deyə bilmərəm.
- Cavabı nə vaxta qədər gözləməli oldunuz?
- Martın 31-də həm təcili yardım maşını, həm də polis gəldi. Dedilər ki, təcili olaraq məni karantinə almaq lazımdır, çünki testdə koronavirusa yoluxduğum təsdiqlənib. Beləliklə, məni Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar.
- Ailəniz də karantinə alındı?
- Bəli, amma xəstəxanada yox. Onlar evdə özünütəcrid vəziyyətindədirlər. Onlardan da COVID-19 testi götürülüb, amma nəticələr hələ bilinmir. Ümid edirəm ki, mənfi olacaq.
- Müalicəniz necə keçir?
- Özümü yaxşı hiss etdiyimə və temperaturumun 38 dərəcədən çox olmamasına görə mənə dərman vermirlər. Məni daha çox müşahidə altında saxlayırlar, vəziyyətimə nəzarət edirlər. Burada qalmağımın əsas məqsədi karantin tədbiridir. Başqalarına yoluxdurmamağım vacibdir.
- Vəziyyətinizi təsvir edin...
- Tipik simptomlarım yoxdur: başım ağrımır, başgicəllənməm, qusma və ishal yoxdur, boğazım ağrımır, burnum tıxanmır, dad və qoxu hiss edirəm, hətta öskürək belə olmur. Yeganə problemim qızdırma və zəiflikdir.
- Xəstəxana şəraiti necədir?
- Hər şey məni qane edir. Vəziyyətim mütəmadi yoxlanılır, temperaturum ölçülür, testlər üçün qan verdim. Səhiyyə işçilərinin qayğısını hiss edirəm. Bütün xəstələrə çox nəzakətlə davranırlar. Bizə vaxtında yemək verirlər. Yalnız şüşə butulkada olan su içirik. Palatalar təmir olunub, təmizdir. Mənə izah etdilər ki, mənim vəziyyətimdə dərmanlara ehtiyac yoxdur, çünki bədənim cavandır, virusa uğurla müqavimət göstərir və hər şey nəzarət altındadır.
- Bəzi insanlar təcrid olunmaqdan qorxaraq, təcili yardım çağırmırlar...
- Karantindən qorxmayın. Burada pis bir şey yoxdur. Bu, cəmiyyətin təhlükəsizliyi, Azərbaycanda insanların sağlam qalması üçün edilir. Məsuliyyətli olmalı və yalnız özünüzü deyil, yaşlılar və xroniki xəstəlikləri olan insanları da düşünməlisiniz. Normal vaxtlarda hərarətiniz varsa, heç kim sizi təcrid etməz.
- Oxucularımıza nə demək istərdiniz?
- Güclü immuniteti olan gənclər koronavirusa yaxşı tab gətirirlər. Düşünürəm ki, hətta xəstələndiyini fərq etmədən sağalan insanlar var. Mənim tövsiyəm təlaşa düşməmək, hər şeyə məsuliyyətlə yanaşmaq, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etməkdir.
Xəstəliyi asan keçirə bilərsiniz, ancaq ehtiyatsızlıq səbəbindən zəif immunitet sistemi olan insanları yoluxdurarsınız, hansı ki, hətta ölümlə nəticələnə bilər. Küçəyə çıxmamağa çalışın, çünki insanlar COVID-19-a yoluxduğunu anlamaya bilər. Bütün azərbaycanlıları əlləri yumaq və spirtləmək, özünütəcrid barədə tövsiyələrə əməl etməyə çağırıram.
Həmçinin, insanlardan koronavirusa yoluxanlara dəstək olmalarını xahiş etmək istərdim. Mənəvi dəstək bizim üçün çox vacibdir. Bu, təlaşa düşməməyimizə kömək edir. Yaxınlar, qohumlar, dostlar nə qədər tez-tez zəng etsələr, maraqlansalar, özümü bir o qədər yaxşı hiss edirəm, xəstəlik daha az yadıma düşür.
Əgər belə dostlarınız varsa, onda videozəng etmək üçün ərinməyin, axı bu, çox ucuzdur. Təsəvvür edin ki, illərlə görmədiyim insanlar mənə zəng edir. Məsələn, dünən mənimlə paralel sinifdə oxuyan tanışım zəng edib. O, mənim nömrəmi tapıb və dəstək üçün mənimlə əlaqə saxlayıb.