BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
- 27.03.2020, 14:12,
- Cəmiyyət
- Baxılıb: 327
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayı 60-70 faiz azalıb”.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:
“Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.
M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:
“Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər. Onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.