
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycana göstərilən müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarlığını ifadə etmiş, Vitse-prezidentin rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğulamışdır.
Bəyanatda səfər çərçivəsində keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın gündəliyində duran mühüm məsələlər ətrafında məhsuldar fikir mübadiləsinin aparıldığı qeyd edilmişdir. Prezident İlham Əliyev ABŞ administrasiyasının Azərbaycana münasibətini yüksək qiymətləndirmişdir.
Dövlət başçısı çıxışında dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycan üçün böyük əhəmiyyət və xüsusi şərəf daşıdığını vurğulamışdır. Bu tərəfdaşlığın yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional sabitlik və təhlükəsizlik kontekstində mühüm rol oynadığı qeyd edilmişdir.
Prezident İlham Əliyev Prezident Donald Trampa, Vitse-prezident Cey. Di. Vensə və onların nümayəndə heyətinə Cənubi Qafqazda sülh prosesinə verdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, ötən ilin avqust ayında Ermənistan və Azərbaycan Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişini paraflamış, bununla yanaşı, Prezident Trampın şahid qismində imzaladığı Sülh haqqında Birgə Bəyannamə qəbul edilmişdir.
Tramp–Vens administrasiyasının regionda həyata keçirdiyi təşəbbüslərin mühüm nəticələrindən biri kimi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi qeyd edilmişdir. Prezident İlham Əliyev bu təşəbbüsün formalaşmasına və irəlilədilməsinə görə ABŞ hökumətinə minnətdarlığını ifadə etmişdir.
Qeyd olunmuşdur ki, TRIPP layihəsi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmir, həm də Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisindən keçməklə Asiya ilə Avropanı əlaqələndirən etibarlı və genişmiqyaslı beynəlxalq nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs regionda əldə edilmiş sülh nəticələrinin möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verir.
Vitse-prezident Cey. Di. Vensinin ölkəmizə səfəri imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və aparılan danışıqların mahiyyəti baxımından tarixi əhəmiyyət daşıyır. Xartiyada iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri əksini tapmışdır.
Əməkdaşlıq çərçivəsində TRIPP layihəsinin regionda sülhün möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın inkişafına növbəti töhfə olacağı bildirilmişdir. Həmçinin, müdafiə məhsullarının ticarətində yeni imkanların açıldığı və sahənin perspektivli olduğu vurğulanmışdır.
Strateji Tərəfdaşlıq Xartiyasının Regional Bağlantılar, Enerji, Ticarət və Tranzit bölməsi iki ölkə arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Xartiyaya əsasən, tərəflər Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük və sərhəd nəzarətinin təkmilləşdirilməsi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlığı genişləndirməyi qarşılarına məqsəd qoymuşlar.Tərəflər mövcud Strateji Tərəfdaşlıq çərçivəsi daxilində iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və bağlantılar, süni intellekt və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı təmin etmək məqsədilə İşçi Qruplarının yaradılmasını nəzərdə tuturlar.
Müvafiq İşçi Qruplar imzalanmadan sonrakı üç ay ərzində prioritet layihələrin siyahısını müəyyənləşdirəcək və onların icrası üçün yol xəritələrini razılaşdıracaqlar.Azərbaycan və ABŞ Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm görüşlər keçirəcək və tərəfdaşlığın effektiv həyata keçirilməsi üçün qarşılıqlı razılaşdırılmış əlavə dialoq platformaları yaradılacaqdır.
İsa Səttarov,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi,Yeni Azərbaycan Partiyasının üzvü.