Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir

  • 12.08.2025, 11:07,
  • Siyasət
  • Baxılıb: 14
Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir


Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi. 
Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər;
Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.
Cənab Trampla ilk görüşümüz çox xoş və nəticəyönümlü keçdi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur.
Mən cənab Trampla şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm. Ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir. Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi.
1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq.
Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi.
Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır.
Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.
Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır. Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün, rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır.
Şou Biznes