İrəvan Türk Respublikasının gələcək PLANLARI: “Pasportlaşma, parlament və prezident seçkiləri…”

  • 11.08.2020, 10:34,
  • Siyasət
  • Baxılıb: 328
İrəvan Türk Respublikasının gələcək PLANLARI: “Pasportlaşma, parlament və prezident seçkiləri…”


Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adı İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdirilib.

Bu barədə Modern.az–a mühacir dövlətin təsisçisi, ermənişünas alim Qafar Çaxmaqlı məlumat verib. O, dövlətin adının dəyişdirilməsinin səbəblərini izah edib:

“Avqustun 8-də Sədarətin toplantısını keçirdik. Sədarət uzun müddət müzakirələrə səbəb olan Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adının dəyişdirilməsi ilə bağlı məsələ qoymuşdu. Biz bu məsələni bir neçə dəfə müzakirə etsək də qərar qəbul etməmişdik. Səs çoxluğu ilə İrəvan Türk Cümhuriyyəti adı ilə davam etməyə qərar verdik.

Biz beynəlxalq təşkilatlara müraciət edərkən Qərbi Azərbaycan İrəvan Respublikası olaraq müraciət edirdik. Qərbi Azərbaycan kəlməsi isə müəyyən dolaşıqlıq yaradırdı. Çünki Cənubi Azərbaycanın bir hissəsi Qərbi Azərbaycan ostanı adlanır. Paytaxtı Urmiya olan bölgədir.

İkinci tərəfdən biz bu fikirdəyik ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağda ermənilər işğalçılıq fəaliyyəti göstəriblər, Azərbaycanın böyük hissəsini işğal altında saxlayırlar. Biz də Qərbi Azərbaycan adı ilə ortaya çıxsaq, anlaşılmazlıq yaranar, ermənilər bizə qarşı “ikinci Azərbaycan dövlətini qurmaq istəyirlər” deyə iftiralar ata bilərdilər. İrəvan Türk Cümhuriyyəti adının qəbul edilməsinin əsasları var. Çünki İrəvan Azərbaycanın tarixi torpaqlarından biri olmaqla yanaşı həm də xanlıqlar dövründə ayrıca bir xanlıq olub. Bunu əsas götürdükdə, xanlıqların əahlisi, ordusu, bayrağı, digər atributları var idi. Bu mənada həm də İrəvan kəlməsi Qərbi Azərbaycan kəlməsinin həm başqa şəkildə daşıyıcısı həm də bir az da qısaldılmış formasıdır. Qərbi Azərbaycanda yaşayan və sonradan qovulan insanların təxminən 4 milyona yaxın insanın hamısı – 99,9 faizi türklərdən ibarətdir. Qərbi azərbaycanlılar hər zaman türk adlandırıldığından bu dəyişikliyi uyğun gördük. Bu mənim iradəmlə səsverməyə qoyulan, qəbul edilmiş qərar oldu. Fərqli fikirlər səsləndirənlər də oldu. Təbii ki, onlara böyük sayğı ilə yanaşırıq. Səs çoxluğu ilə məsələ qəbul edildi”.

Dövlətin fəaliyyəti ilə bağlı məqamlara gəlincə, Qafar Çaxmaqlı qeyd edib ki, bu neçə istiqamətdə şaxələnir:

“Birinci istiqamət beynəlxalq təşkilatlarla işdir. İkinci istiqamət isə dövlət atributlarının formalaşdırılması olacaq. Üçüncü istiqamət departament şəklində formalaşdırdığımız dövlətin fəaliyyətidir. Bizdə 10 departamentin ayrı –ayrı sahələr üzrə fəaliyyəti davam edir. Artıq katibliyimiz, onun rəhbəri və üzvləri də formalaşdırılıb. Başqa sözlə desək, genel sekreterlik formalaşdırmışıq.

Hədəflərimizlə bağlı müəyyən işlər görməyə çalışırıq. Bunu isə ictimaiyyətə hər zaman açıqlayırıq. Bilgiləndirmə məqsədi ilə qurulmuş mərkəzimiz də fəaliyyətlərini davam etdirir.

Bizim ən əsas işlərimizdən biri əhalini siyahıya almaqdır. Saytımız hazırlanır, demək olar, tamam hazırdır. Saytda Qərbi Azərbaycan əhalisinin pasportlaşmasını həyata keçirəcəyik. Burada doğulan insanlar və övladları, qovulanlar, müxtəlif ölkələrdə yaşayan Qərbi Azərbaycan kökənli insanlar qeydiyyata alınacaq. Sonra parlament seçkiləri olacaq. Hökumət formalaşdırıldıqdan sonra baş nazir  və prezident seçiləcək. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Şou Biznes