Orduya dəstək yürüşündə nə qədər insan virusa yoluxa bilər? — Həkimin cavabı

  • 16.07.2020, 14:14,
  • Səhiyyə
  • Baxılıb: 360
Orduya dəstək yürüşündə nə qədər insan virusa yoluxa bilər? — Həkimin cavabı


İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı ilə bağlı narahatlıqlar var. Bəziləri təklif edir ki, bu cür situasiyalarda hökumət küçələrdə insanlara maska paylasın. Bununla da təhlükə bir qədər azalmış olar.
Qeyd edək ki, son bir neçə gündə ölkədə koronavirusa yoluxanların sayında stabilləşmə, azalma müşahidə olunurdu. Bəs son olaylar virusun yenidən sürətlə artmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a danışıb:

“Ötən gün Bakıda keçirilən yürüşlər Qarabağla, millətin taleyi ilə bağlı məsələ idi. Lakin bu cür hadisələrdə, izdihamlarda həmişə sui-istifadə halları olur. Yəni yürüşün sonunu gördük. Sonluq bəzi adamların təxribatı,  Milli Məclisə girməsi ilə yekunlaşdı. Milli Məclisə girmək təbii ki, təxribatdır. Lakin hesab edirəm ki, bunu həmişə bu cür yönəldib, başqa rəng verməyə çalışırlar.

Nəticə nə oldu? Doğrudur, bir tərəfdən səngərdə duran əsgərlərimizə dəstək ifadə olundu. Lakin bir tərəfdən də karantin davranışları ciddi şəkildə pozuldu".

Adil Qeybulla qeyd etdi ki, artıq sərt karantin rejiminə ehtiyac yoxdur, ləğv olunmalıdır:

“Karantin ləğv olunmalı, əvəzində sosial məsafənin saxlanılmasına, maska taxılmasına ciddi nəzarət olunmalıdır. Bununla bağlı ciddi işlər aparılmalıdır. Artıq ayın 20-si yaxınlaşır. Bununla bağlı tibb işçiləri olaraq bir yerə toplaşdıq, rəy verdik ki, növbəti vaxtlarda nə etmək mümkündür.

Hesab edirəm ki, karantin qaydaları yumşaldıqdan sonra da vəziyyətə ciddi nəzarət etməliyik. Dövlət özü bu haqda təlimatlar hazırlamalıdır".
Adil Qeybulla qeyd etdi ki, Bakıda keçirilən yürüş konkret olaraq nə qədər dəyərli olsa da,  vətənpərvərliyi əks etdirsə də, karantin qaydaları pozuldu və bu da xeyli sayda yoluxmalara gətirib çıxaracaq: “Öncə onu qeyd edim ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı dəqiq deyil. Yəni göstərilən rəqəmlər heç də real say deyil. Real yoluxma sayı elan edilən rəqəmlərdən 5-6 dəfə çoxdur. Gündə 2000-2500-ə yaxın yoluxma olur. Onların əksəriyyəti evdə ambulator, həkim nəzarəti altında və yaxud özbaşına müalicə alır. Qeydiyyata düşməyən adamlar yetərincədir. Ona görə də vəziyyət elə də ürəkaçan deyil”.

İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu isə məsələyə bu cür mövqe bildirdi:

“Şəxsən mən də həmin yürüşdə iştirak etdim. Deyə bilərəm ki, emosional vəziyyətdə insanların müqavimət gücü o qədər artır ki, koronavirusa  yoluxma ehtimalı aşağı düşür.

Virusa yoluxma artsa da, artmasa da, hazırda ölkə, Vətən təhlükə qarşısındadır. Birinci Dünya müharibəsində 100 minə yaxın insan qarın yatalağı xəstəliyindən vəfat edib. Buna görə əsgərlər müharibəyə getməməli idi? İndi bizim üçün daha çox təhlükəli vəziyyət yarandığına görə virusla bağlı təhlükə o qədər də diqqətdə deyil. Camaat öz torpağını qorumaq, orduya dəstək vermək üçün iradəsini nümayiş etdirdi. Bunu, sizcə, başqa cür necə həyata keçirmək olardı?"

Sərdar Cəlaloğlu yürüşlərdə insanlara maska paylanılması ilə bağlı təklifə də münasibət bildirib:

“Deyim ki, ötən gecə yürüşdə təxminən 100 minə yaxın insan var idi. Hökumətin bu qədər insana maska paylamağa gücü çatmazdı. Həm də caamat o qədər xaotik, dəstələr şəklində gəlib-gedirdi ki, inanmıram ki, hökumət onu tənzimləyə bilərdi. Bu baxımdan düşünürəm ki, insanlara maska paylanılması təklifi ağlabatan deyildi.

Vətəni qorumaq üçün gərək heç bir şərt qoşmayasan. Hər kəs öz həyatını, sağlamlığını nəzərə almadan o yürüşlərə qoşuldu, ordunun yanında olduğunu bildirdi".
Şou Biznes