Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası


İstərsə Dövlət Yol Polisi, istər Çevik Polis Alayı, Post Patrul Xidməti, istərsə də Mühafizə Polisi kifayət qədər təkmilləşib, peşəkarlaşıb, şəffaf və müasir standartlara keçid edib. Amma eyni sözləri Qeydiyyat-İmtahan şöbələri haqda demək olmur. Hələ də bu şöbələrin əksəriyyətində bazar qaydaları hökm sürməkdədir. Sürücülük vəsiqəsinin alınması açıq bazar sistemi ilə həyata keçirilir və kütləvi şəkildə bir əldən hər kəsə satılır.

Daxili İşlər Nazirliyi (DİN) Qeydiyyat-İmtahan şöbələrində islahatlara başlaya bilər. Son illərdə nazirliyin reputasiyasına ən ağır zərbələr endirən məhz sürücülük vəsiqələrinin verilməsindəki neqativ hallardır.

Nəticə isə qlobal miqyasda mənfi effektlərini göstərir: yol-nəqliyyat hadisələrinin sayı artır, qeyri-peşəkar, məsuliyyətsiz sürücülər çoxalır, ayağı ilk dəfə əyləcə dəyən vətəndaş 1 saat içərisində sürücülük vəsiqəsinə sahiblənir. Ona görə də 
nəqliyyatda ürəkağrıdan mənzərə yaranıb. O baxımdan ekspertlər hesab edirlər ki, Vilayət Eyvazovun peşəkar fəaliyyətinə və reputasiyasına xələl gətirən “MERO”larla bağlı islahatlar zəruridir.

Məsələn, əvvəl B kateqoriyalı sənədi 1000 manata, BC kateqoriyalı sənədi isə 1100 manat, maşın qeydiyyatı 350-400, texniki baxış böyük maşınlar üçün 85-90 manat, digərləri isə 60 manatdır. Bu fantastik rəqəm isə avtomobil almaq istəyən bir çoxları üçün qəbuledilməz olsa da, mövcud reallıqla barışırlar. Çünki E.Əliyevin bazar şərtləri bunu diktə edir.

102xeber.com xəbər verir ki, ancaq Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun idarəçilik “sistemi” davam etməkdədir. Onlardan biri də Yevlaxda fəaliyyət göstərir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, R.Zeynalovun qohumu olan 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyev “prava”nı tum kimi satmaqdadır. Hətta bir müddət əvvəl Yevlax “MERO”dan rüşvət faktını təsdiqləyən video görüntülər yayılmışdı. Amma generalın qohumu öz əməlindən çəkinmədi. Əksinə, manatın iki dəfə devalvasiyasından sonra sözügedən şöbəsə sürücülük vəsiqəsi də bahalaşdı. E.Əliyev ölkədəki iqtisadi vəziyyəti səbəb göstərərək “prava” almağa gələnlərə yeni qiymət “oxumağa” başladı.

Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir. 8 rayondan sürücülük vəsiqəsi almaq istəyənlərin sayını üst-üstə gəlsək, yığılan məbləği hesablasaq R.Zeynalovun qohumu E.Əliyevin hansı maliyyə imkanlarına sahibləndiyini təsəvvür etmək olar. Artıq oliqarx rəisə çevrilmiş E.Əliyevin 8 rayona “prava” satışı ciddi şəkildə həyəcan təbili çalmağa əsas verir. Üstəlik, rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə “müsbət reaksiya” verən insanlar imtanahlardan “üzüağ” çıxırlar. İddialara görə, makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.

Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır.

Xatırladaq ki, E.Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Araşdırma şöbəsinin müdiri: Mehman Eminov 
Şou Biznes