Akademik borcunu ləğv edən tələbə təqaüd alacaqmı? – RƏSMİ AÇIQLAMA

  • 12.03.2020, 11:23,
  • Təhsil
  • Baxılıb: 429
Akademik borcunu ləğv edən tələbə təqaüd alacaqmı? – RƏSMİ AÇIQLAMA


Azərbaycanda akademik borcunu ləğv edən tələbələrin təqaüd alıb-almaması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən bildirilib ki, 2017-ci ildə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na bir sıra dəyişiklər edilib.

Onlardan da ən əsasları tələbənin akademik borcu olan fənn üzrə fənni dinləmədən imtahan vermək hüququ və əyani təhsilalma formasının tədrisə tam və qismən cəlb olunma növlərinin tətbiqidir.

Məhz bu dəyişiklliklərdən irəli gələrək “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na (bundan sonra Təqaüd Qaydaları) dəyişiklik edilib.

Bu qayda ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alanlara dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir:

“Lakin əyani təhsilalma formasının iki – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növlərinin tətbiqi bu qaydanın icrası zamanı müəyyən anlaşılmazlıqlar yaradırdı. Belə ki, tədrisə qismən cəlb olunan tələbənin təhsil müddəti normativ təhsil müddətindən 2 və daha çox il müddətinə uzana bilər. Bu isə onun normativ müddətdən artıq müddətdə təqaüd alması məsələsində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən Təqaüd Qaydalarının yalnız tədrisə tam cəlb olunan tələbələrə şamil olunması xüsusi vurğulanıb”.

Nazirlikdən əlavə edilib ki, Təqaüd Qaydalarına edilən digər dəyişiklik isə akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verən və ya yay semestrində fənni dinləyərək müvəffəq qiymət almış tələbənin təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməsi ilə bağlıdır:

“Belə ki, 2017-ci ildə tələbələrə akademik borcu yaranan fənn üzrə “fənni dinləmədən” imtahan vermək hüququ verilib. Tələbə həmin hüquqdan akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdə imtahan sessiyası zamanı istifadə edə bilər. Tələbələrə bu hüququn verilməsi akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək fənni dinləmədən və ya yay semestrində fənni dinləyərək akademik borcunu aradan qaldıran tələbələrin təqaüd alıb-almaması məsələsində də müəyyən suallar əmələ gətirirdi. Bu sualların cavabı olaraq Təqaüd Qaydalarına müvafiq dəyişiklik edilib və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbənin növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməməsi qərara alınıb. Əgər həmin tələbə akademik borcu olan semestrdən sonrakı semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), onun təqaüdü bərpa olunur”. (publika.az)
Şou Biznes