Tələbələrə ŞAD XƏBƏR — Baş nazirdən yeni qərar

  • 13.04.2020, 21:08,
  • Təhsil
  • Baxılıb: 354
Tələbələrə ŞAD XƏBƏR — Baş nazirdən yeni qərar


Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 

- yaşa görə sosial müavinət alanlar.

Sənədlə bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilib.

Qeyd olunub ki, Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidirlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir.

Maliyyə Nazirliyi Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etməlidir.
Şou Biznes