Qobustan rayonunda bir ailənin 5 üzvünün – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı – zəhərlənməsi ilə bağlı hadisənin bəzi detallar üzə çıxıb.
Bu barədə axar.az-a məlumat verən sakinlərin sözlərinə görə, hadisə 2-3 ay əvvəl baş verib. Daha doğrusu, 2-3 ay öncə ailənin bütün üzvlərində qaraciyər xəstəliyinin olması üzə çıxıb.
Məlumata görə, həkimlər ailəni müayinə edərkən dəqiq diaqnoz qoya bilməyiblər. Sadəcə, ehtimal var ki, ailənin yeməyinə hansısa zəhər qarışıb. Çünki analizlər ailənin hər bir üzvündə toksik proseslərin getdiyini təsdiqləyib.
Ailə başçısı Elnur Şıxəliyev qaynaqçı işlədiyinə görə geniş imkanlara malik deyil, qohum-qonşunun yardımı ilə ailə bir neçə ay əvvəl İranda da müalicə alıb. Ancaq İrandakı müayinə və müalicələr də heç bir kömək etməyib.
Ən maraqlı məqamlardan biri odur ki, E.Şıxəliyevin Bakıda yaşayan və heç də onlarla birgə yemək yeməyən qayınanasında da eyni xəstəlik aşkarlanıb. Bu isə zəhərlənmə ehtimalını xeyli azaldıb və yaxud zəhərlənmə olayının artıq araşdırmaya alınmasını aktuallaşdırıb.
Mövzunu davam etdirəcəyik.