DTX-ın saxladığı deyilən Zakir Sultanov KİMDİR? — DOSYE

  • 08.05.2020, 15:04,
  • Kriminal
  • Baxılıb: 315
DTX-ın saxladığı deyilən Zakir Sultanov KİMDİR? — DOSYE


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda yayılan məlumata görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirdib.
Məlumata görə saxlanılan şəxslərdən biri də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdur.

Məlumat üçün bildirək ki, Sultanov Zakir İmran oğlu 11 aprel 1968-ci ildə Bakı şəhərində anadan olub.

1985-ci ildə Bakı şəhərində 6 nömrəli orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində ali təhsil almışdır.

1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

1991-2006-cı illərdə Xətai Rayon İcra Komitəsində və Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 2006-2008-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru, 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləmişdir. Bu təşkilatlara rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət sarayları və teatr ocaqlarında, musiqi məktəblərində, o cümlədən Heydər Əliyev Sarayında, Bakı şəhəri, "Milli Park" ərazisində "Muğam Evi"ndə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Azərbaycan Dövlət Xalça Muzeyində, Bakı şəhərində Milli İncəsənət Muzeyində, Şəki şəhərində “Aşağı Karvansaray”da, Şəki Dövlət Dram Teatrında, Qəbələ Mədəniyyət Evində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ağdam Dövlət Dram Teatrında, Bərdə şəhərində Uşaq İncəsənət Məktəbində və demək olar ki, Azərbaycanın əksər rayonlarında mədəniyyət ocaqları və uşaq incəsənət məktəblərində müasir tələblərə cavab verən tikinti, əsaslı təmir, bərpa-yenidənqurma və konservasiya işləri həyata keçirilmişdir. Bir çox obyektlərin açılışında Azərbaycan Respublikası Prezidenti iştirak etmişdir və görülən işləri yüsək dərəcədə qiymətləndirmişdir.

2014-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidentinin 18.12.2014-cü il tarixli 409 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyir.

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Ailəlidir.
Şou Biznes