Azərbaycanda səs-küylü həbslər — SİYAHI

  • 05.05.2020, 15:19,
  • Kriminal
  • Baxılıb: 445
Azərbaycanda səs-küylü həbslər — SİYAHI


Azərbaycanda müxtəlif dönəmlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qanunsuzluqlara yol vermiş, korrupsiya və digər çirkin hallara bulaşmış vəzifəli şəxslər saxlanılıb.
BAKU.WS xəbər verir ki, həbs edilənlər arasında sabiq nazirlər, icra başçıları, deputatlar və hüquq-mühafizə orqanlarının yüksəkçinli rəsmiləri olub. 

2005-2020-ci illər ərzində ölkədə həbs olunan məmurların statistikası belədir:

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

2020-ci ilin fevralında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xidməti otağında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. N.Quliyev müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

2019-cu il dekabrın 19-da Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakininin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini “otkat” şəklində geri almaqda günahlandırılır.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmiş keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs hökmü çıxarıb. Abdullayev barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan "Araz-İnşaat" ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (saxta sənəd) maddələri üzrə ittiham verilib. O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov bu günlərdə azadlığa çıxıb.

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də "MTN işi” üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.

Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev 2015-ci ildə həbs olunub və məhkəmənin qərarı ilə 10 il 6 ay müddətinə cəza alıb. Hazırda məhbus həyatı davam edən sabiq rəis istintaq təcridxanasında saxlanılır.

2015-ci ildə "MTN işi”nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, da bu yaxınlarda azadlığa çıxıb.

2013-cü ildə Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində həbs qərarı çıxarıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən öz xidməti kabinetində həbs edilib. Keçmiş nazir Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.

2005-ci ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən kabinetində həbs olunan digər vəzifəli şəxs isə səhiyyə naziri Əli İnsanov olub. Hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən keçmiş səhiyyə nazirinin bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb.

2005-ci ilin oktyabrında həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra azadlığa çıxıb. 
Şou Biznes