Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında və ətraf 7 rayonda 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, Erməni təcavüzkarları mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülkü əhalisini və yaşayış məntəqələrini hədəfə alan təxribatlar törətməkdədir. Ermənistanın baş naziri ölkə əhalisinin diqqətini hökmətin uğursuz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır. Təcavüzkar Ermənistanın hərbi siyasi rəhbərliyi Beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməliyyatlarını davam etdirir. Erməni təcavüzkarlarının hərbi birləşmələri əhalinin kompakt yaşadığı məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, təsərrüfat təyinatlı əraziləri ağır altilleriya qurğularından intensiv şəkildə atəşə tutmaqdan əl çəkmirlər.
Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına müraciətində qeyd olunur ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Hələ iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbiçilərimiz və bir mülki şəxs həlak olmuşdur. İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açmış və ilk həlak olanlar da məhz Azərbaycan hərbiçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavab və dərs verdi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi heç bir təxribata əl atmamışdır. Respublika Prezidentinin dediyi kimi, Azərbaycan sadəcə olaraq öz torpaqlarını, maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini ədalətlə aparır.
Azərbaycan Prezidenti ədalətə, həqiqətə söykənərək dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.
Azərbaycan ordusunun qüdrəti, gücü ondadır ki, bu ordunun generalı cəbhənin önündə, cəbhədə şəhid olursa, bu, ordumuzun vətənpərvərlik ruhunun yüksəkliyini, vətənə, torpağa sevgisini göstərir.
İşğalçı Ermənistanın ardıcıl təxribatının əsas səbəblərini, niyyət və hiyləli hədəflərini göstərən Azərbaycan Prezidenti bunun status-kvonu dəyişməz saxlamağa, danışıqları pozmağa və Azərbaycanı ittiham etməyə hesablandığını söyləmişdi. Həmçinin, Respublika Prezidenti açıq xəbərdarlıq etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır: Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr, zirehli texnika toplayır. O, öz çirkin planlarından əl çəkməsə, bunun onun üçün çox ağır nəticələri olacaq.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assembleyasının 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxış bir daha Ermənistanın işğalçılıq siyasəti barədə əsl həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm hadisə oldu. O, çıxışında qeyd etdi ki, “Azərbaycan ərazisinin təqribən 20%-i 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır”. 30 ilə yaxındır ki, Minsk qrupu çərçivəsində səmərəsiz danışıqlar aparılır, heç bir nəticə yoxdur. Əksinə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884-cü qətnamələrinin tələblərinə məhəl qoymadı, müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə saldı.
Cənab Prezident İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr olunan Yüksək səviyyəli iclasda bildirib ki, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozur, Azərbaycana qarşı hərbi güc tətbiq etməkdə davam edir. Həmçinin, bu qətnamələrdə uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı belə çəkilmir, əksinə, Azərbaycana qarşı güc tətbiq edildiyi və onun ərazisinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməyin vacibliyi göstərilib, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsinin olması təsdiqlənib. İşğalçı qüvvələrin ölkəmizin işğal olunan bütün ərazilərindən dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılması tələb olunub. Həmçinin çıxışında Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğalçı ölkənin silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal, qeyri-şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının vacibliyini diqqətə çatdırıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri hücum edərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqlərini iri çarplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti təxribata əl atdılar. Təcavüzkarların Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərini atəşə tutması nəticəsində mülki Azərbaycan əhalisi arasında itkilər və yaralanlar var. Təcavüzkarlar atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, cəbhə xəttində və sərhəd bölgələrində Cenevrə Konvensiyasının şərtlərinə məhəl qoymadan
Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alaraq ağır cinayətlər törətməkdədirlər.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başalayan təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasını bütün Azərbaycan xalqı çoxdan gözləyirdi. Qısa müddətdə bütün xalqımızın, soydaşlarımızın, ictimai siyasi qüvvələrin Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birliyi yarandı.
Respublika Prezidentinin son zamanlar uğurlu diplomatiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları regionda Ermənistanın təxribatlarının artması, onun işğalçı hücuma hazırlaşması və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Bu diplomatiyanın yalançı erməni təbliğatına güclü zərbə vurması nəticəsində dünyadakı erməni mifi dağılmağa başlayır və saxta erməni təbliğatı iflasa uğrayır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyasındakı çıxışı da olduqca təsirli və əhəmiyyətli idi. Bu çıxış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərə yeni işıq saldı. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan ordusuna inanır və güvənir, bu inam və güvən bütün xalqımızın cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinə münbit şərait yaradıb.
Ermənistanın növbəti təxribatının qarşısını alan qüdrətli Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması ölkə ictimaiyyətinin, siyasi təşkilatların və partiyaların sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbrsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsinə səbəb oldu.
Qeyd edək ki, müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi müxtəlif istiqamətli, fərqli məram və məqsədləri olan 50 siyasi partiyaların vahid mövqedən çıxış etməsi olduqca sevindirici hadisədir. Bu siyasi partiyalar vahid məqsəd və ideya ətrafında birlik göstərərək ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini və onun yanında olduqlarını bəyan etdilər. Bu, artıq həm ölkəmizdə siyasi mədəniyyətin, həm də bir dövlətçilik ənənələrinin formalaşması kimi dəyərləndirilə bilər. Siyasi partiyaların sərgilədiyi bu birlik milli maraqların bütün korporativ və şəxsi maraqlardan üstün olduğunu göstərdi.
Nəticədə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya eyni mövqedən çıxış edərək Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatına dair birgə bəyanat qəbul etdi. Həmin siyasi qüvvələr torpaqlarımızın azad edilməsi istiqamətində görülən tədbirlər zamanı Respublika Prezidentinin, Ali Baş Komandanın yanında olduqlarını bildirdilər.
Təkcə ölkədə fəaliyyət göstərən siyasi partiyalar deyil, həmçinin qardaş Türkiyədə fəaliyyət göstərən siyasi partiyalar da Azərbaycanın apardığı Vətən Müharibəsini birmənalı dəstəkləyirlər. Qardaş Türkiyənin göstərdiyi dəstək də sübut edir ki, “İki dövlət, bir millət” şüarı altında birləşən qardaşlarımızın sevinci sevincimiz, kədəri isə kədərimizdir.
Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən lakin, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda başlamış Böyük Vətən Müharibəsinə etinasız yanaşan, adlarını “böyük milli müxalifət düşərgəsi” qoyaraq məkirli siyasət yürüdən – AXC, Müsavat kimi partiyalar ölkədə 5-ci kalon adlanan quruma meyl etdilər və siyasi partiyaların birgə bəyanatına dəstək vermədilər.
Hazırda Azərbaycan ordusu Ali Baş Komandanın əks-hücum əmrini həyata keçirməklə işğal olunmuş ərazimizin azad edilməsini uğurla həyata keçirir. Xalqımızın, bütün siyasi qüvvələrin birliyi və həmərəliyindən ruhlanan Azərbaycan ordusu uğurlu əks hücum əməliyyatı keçirərək düşməninin canlı qüvvəsinə və hərbi texnikasına ağır zərbələr vurmaqdadır.
Cənab Prezident qeyd edir ki, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”. Ona görə də sentyabr 27-də ordumuzun əks-hücumundan sonra, indi Azərbaycanı tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar zəhmət çəkib İlham Əliyevin bu fikrinə diqqət yetirsinlər.
Qələbələr münasibətilə Azərbaycan xalqını təbrik edən Dövlət başçısı bildirib: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
Bu baxımdan cənab Ali Baş Komandanımızın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən hərbi paradda söylədiyi aşağıdakı fikirləri də çox önəmlidir: “2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.” Ölkə başçısının dediyi bu fikirlər Azərbaycan əsgərinə sonsuz güvəncin göstəricisi, Böyük Qələbə inamının təzahürüdür.
Əminik ki, şanlı ordumuzun tarixi qələbəsi nəticəsində Azərbaycan Bayrağı tezliklə Xankəndidə, işğaldan azad olunmuş torpaqlarımızda, Azadlıq Meydanında dalğalanacaq. Biz o günü səbirsizliklə gözləyirik.