Qara Abdullayev: Vətən savaşında ərənlər, igidlər bəlli oldu
- 26.11.2021, 13:15,
- Cəmiyyət
- Baxılıb: 29 818
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev -
“Hər daşından alov dilli ox ola bilər...”
Qədimliyin simvolu, Türklüyün tarixini özündə yaşadan, hər qaya parçası danışan, keçilməzlik qalası Kəlbəcər!
Torpağına “can” demişəm, can Azərbaycanım! Ağrı-acısını illərlə sinəsində qor kimi saxlayan Kəlbəcərin hər qarışı bizim üçün doğmadır. Bu torpaqda uyuyan şəhidlərimizin məzarları bizim and yerimizdir. Qisasını qiyamətə qoymayan igidlərimizin şücaət , cəsarət və şərəf nişanıdır.
Canımıza qəs d edən erməni vəhşiləri Azərbaycanın hər bölgəsi kimi, Kəlbəcərdə də günahsız insanları qətlə yetirdilər. Başıbəlalı Başlıbel kəndini , orda yaşanan faciəni, göyə ucalan ah-nalələri unutmadıq.. Cəsur və mətanətli, heç vaxt köləliyi qəbul etməyən uca xalqımın igid övladları Türkə qənim kəsilən mənfur düşməndən qisası aldılar.
Başıqarlı ucalıq rəmzi Murovdağdan qartal kimi qanadlandılar. Öz doğmalarının yolunu gözüyaşlı gözləyən qədim yurd yeri, dədə-baba ocağı Kəlbəcərin harayına çatdılar. Çoxdan çalınmayan dərdli sazını sinəsində dilləndirdilər, səsinə səs verdilər. “Mamır olub, qayasında bitdilər” ərənlərimiz!
28 il öncə çətin və dolaşıq zaman dilimində başsız qalan torpaqlarımızı yağı düşmən ələ keçirmiş, evlərimizi, obalarımızı, yurd yerlərimizi quzğun kimi talamış, daşı daş üstündə qoymamışdı. İşğal etdikləri hər yer kimi Kəlbəcəri də viran qoymuşdu. Qədim və müqəddəs Türk torpaqlarını öz murdar ayaqlarının tapdağına çevirmişdi.
Ədalətsiz dünya axıdılan qanları görərək susur, ucalan “kömək” səslərinə qulaq tıxayırdı. Hökmünü yalnız quruca kağız üzərində saxlayan qətnamələr heç bir işə yaramırdı.
“Millət yoludur, haqq yoludur tutduğumuz yol!” Azərbaycan öz taleyini, müqəddəratını özü həll etməli idi. Qətiyyətli siyasi duruşu ilə Vətənin Ər oğlu, Yenilməz Sərkərdəsi Cənab İlham Əliyev Vətənin haqq səsini ucaltdı. Dünya siyasətçilərinə cəsarət örnəyi oldu. Xalqın ən çətin zamanında ümid yerinə çevrildi.
Vətən müharibəsi ilə xalqımıza yaşadılan bütün ədalətsizliklərə son qoydu Odlar yurdunun Od Ərləri! Qaranlığa bürünən Vətən üfüqlərində Günəş kimi parladılar, bütün şəri, pisliyi silib-süpürüb atdılar. Türklüyün dirşəlişi oldu bu qanlı döyüşlər.
Artıq “qədəmlərinizə qurban olum” deyirdi bir zamanlar əsarətdə inləyən müqəddəs torpaqlarımız. Geri qaytarılan hər yurd yerimiz bizi Kəlbəcərə daha da yaxınlaşdırırdı. Şuşa qalasına əzəmətlə, hünərlə, mətanətlə çıxan igidlər doğma və əziz Laçının, Kəlbəcərin artıq bir addımlığında idilər.
Müharibədə ağır məğlubiyyətə uğrayaraq diz çökdürülən düşmən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində Kəlbəcəri öz əsl sahiblərinə döyüşsüz təhvil verməyə məcbur edildi.
Vəhşi düşmən məğlub olduğunu qəbul edə bilmir, zəbt etdikləri bu türk torpaqlarından çıxmaq istəmirdi. Məcbur qalaraq burdan rədd olub gedəndə belə bu müqəddəs qədim yurd yerimizə xainlik edirdi. Vəhşilər meşələri doğrayıb təbiəti məhv etdilər. Evləri yandırıb külə döndərdilər.
Xaincəsinə yollara, yaşayış yerlərinə mina basdıraraq əsl erməni xislətlərini göstərdilər.
Tezliklə Kəlbəcərdən düşmənin murdar əli və ayağı kəsildi. İstisu saflığına, doğma Vətən torpağım bütövlüyünə qovuşdu.
Vətən savaşında ərənlər, igidlər bəlli oldu. Torpağı qorumaq üçün can verib torpağa çevrilən şəhidlərimiz “dastana döndülər”.. Canımız yenə yandı.. Jurnalistlərimiz xain düşmənin Kəlbəcər yoluna basdırdığı minanın partlaması nəticəsində şəhid oldular.
Hər birini hörmətlə anırıq..
Nə qədər çətinlik, hüzn və kədər olsa da, məğrur xalqımız dik dayanmağı bacardı. Onu əyməyə, sındırmağa, məhv etməyə çalışanların cavabını qətiyyətlə verdi.
Bu torpaq öz əsl sahiblərinə-bizə qaytarıldı, bundan sonra da biz burda daimi və əbədi yaşayacağıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev doğma Vətən torpağımızda-Kəlbəcərdə üçrəngli, aylı-ulduzlu bayrağımızı şərəflə qaldırdı. Bu hissləri sözlə ifadə etmək çətindir. Qürürla, sevinc göz yaşları ilə tarixin bu anına şahid olduq. Murovdağ kimi ucaldıq.
Qaranlıq keçmişimizdən işıqlı gələcəyə uzanan yolu aydın sezdik.
Nə qədər ki bu xalq var, bu yurd da var olacaq!
Artıq talan edilmiş yaşayış yerlərimiz abadlaşmağa başlayır. Bu torpaqların üstünü almış qara buludlar öz yerini aydın və günəşli səmaya verir. Xalq öz əzəli və əbədi torpaqlarına sahib çıxır.
Azad Kəlbəcərdə dağıdılmış yollar bərpa olunur, yeni tunel inşa olunur, işıqsız yerlərə işıq çəkilir. Bu yerlərə isti insan nəfəsi, qurub-yaradan insan əli dəyir. Həyat bərpa olunmağa başlayır.
Uğurlu bir gələcəyə addımlayır bu Od yurdunun övladları. Qətiyyətlə, fəxrlə, qürurla, sabahına inamla addımlayır!
Bu ayaq səsləri dünyanı titrədəcək, Türkün gücünü bir daha bəyan edəcək!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey Şanlı Azərbaycan!
Allah şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır! Zəngəzur Azərbaycandır!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
Yaşasın Azərbaycan Ordusu!