Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı — VACİB XƏBƏR!

Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı — VACİB XƏBƏR!


Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.
Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: "Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

"Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

"Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün "Brent" markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır.
Şou Biznes