Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Azərbaycan və Türkiyə dost, qardaş ölkələr, xalqlarımız da eyni soy-kökə mənsub qardaş xalqlardır. Ölkələrimiz, xalqlarımız hər zaman - istər yaxşı gün olsun, istərsə də çətin günlərdə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı.
Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər də yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Şuşa Bəyannaməsini ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi də adlandırmaq mümkündür. Həmçinin, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır.
Ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Ümumiyyətlə, iki ölkə arasında artıran hərbi əməkdaşlıq Şuşa Bəyannaməsinin strateji əhəmiyyətində özünü əks etdirir.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasını şərtləndirir.