Hər bir xalqın tarixində onun taleyini dəyişən böyük şəxsiyyətlər olur. O şəxsiyyətlər ki, xalqı yox olmaq təhlükəsindən, milli varlığını itirmək təhlükəsindən qoruyur, xilaskara çevrilir. Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir.
Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
Dövlətin maraqları və müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasətində mütləq prioritet kimi çıxış edib. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
Bu gün Azərbaycanın və regionun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası Ulu Öndərin xalqımıza və dövlətimizə qoyub getdiyi ən vacib və dəyərli miraslardandır.Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində müxalifət partiyası olaraq yaranmış YAP çox tezliklə iqtidar partiyası olmağı bacararaq ölkəmizin siyasi-iqtisadi həyatında aparıcı rol oynamağa başladı Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Bu gün də Heydər Əliyev kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
Yenicə müstəqillik qazanmış, bədnam qonşularımızın həyasızcasına hücumları və ovaxtkı hakimiyyətin səriştəsizliyindən qaynaqlanan daxili çəkişmələrin, vətəndaş müharibəsinin zəiflətdiyi Azərbaycan məhv olmaq təhlükəsindən məhz Ulu Öndər sayəsində xilas oldu.
1993-2003-cü illər ölkənin inkişafında həlledici illər oldu. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Konstitusiya yalnız Heydər
Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Ulu Öndərin siyasi kursu Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideologiyasının varlığı və qorunmasının mayəsini təşkil edir desək, yanılmarıq. Məhz bu ideologiya və onun bu gün də uğurla davam etdirilməsi Azərbaycanın regionda lider, bütün dünyada tanınan, qalib və güclü dövlət olmasını təmin edir. Əminliklə deyə bilərik ki, etibarlı əllərdə olan Azərbaycan bundan sonra daha da güclənəcək, inkişaf edəcək, işğaldan azad olunmuş torpaqlarımızda ən müasir infrastruktur yaradılması sayəsində regionun lider ölkəsi olacaqdır.
Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru