Ulu öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır



Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bu dövlət xadimləri zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan xalqının “Ümummilli lideri” Heydər Əliyevdir. Müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü, bütün dünyada tanınması məhz mükəmməl dövlət idarəetmə bacarığına malik Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində mümkün olub.

Prezident cənab İlham Əliyev çıxışlarından birində demişdir: “Azərbaycan tarixində bu qədər güclü olmamışdı. Bəli bu gücün mənbəyi Heydər Əliyev yoludur. Bu gücün mənbəyi xalqla iqtidarın birliyidir. Bu gücün mənbəyi Azərbaycan xalqının cənab Prezidentə olan ehtiramıdır, məhəbbətidir”.

Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Biz ona görə xoşbəxtik ki, bu yolun təməl daşlarını, təməlini Ulu Öndərimiz Heydər Əliyev qoymuşdur. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyulmuş, 44 günlük müharibədə işğal altındakı torpaqlarımız düşməndən azad edilmişdir.

Bu gün Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir. Azərbaycan artıq gələcəyə daha inamla addımlayır, daha da güclənərək regionun şəksiz lideri kimi irəli çıxır.

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Günel Yaqubova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaş
Şou Biznes