Ekspert: Müharibə dövründə avtomobillərin səfərbər edilməsi qanuna uyğundur

Ekspert: Müharibə dövründə avtomobillərin səfərbər edilməsi qanuna uyğundur


"Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir".
“Ölkə.Az” xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov özünün "Facebook" səhifəsində yazıb.

"Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur. Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb. Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır" - Ə.Hüseynov qeyd edib.

Ekspert bildirib ki, vətəndaşlar bundan heç də narahat olmamalıdır:

"Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir. Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib. Əsas məsələ qələbədir. Bunun üçün hər şey qurbandır: təkcə mal-mülkümüz yox, həm də canımız".
Şou Biznes