Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!

Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!


Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb.
Qafqazinfo verdiyi xəbərə görə, texnobloqqer Fərid Pərdəşünas bildirib ki, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb:

“Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu ictimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur:

“Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki,  dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.
Şou Biznes